Qarabağ ermənilərinin seçim etmək üçün 2025 – ci ilə qədər vaxtları var

SİYASƏT 19 noy 2022, 15:20
Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsini qəbul edərkən sülh müqaviləsinə Qarabağda ermənilərin status məsələsinin salınmasına heç vaxt razı olmayacağını və Moskvanın adamı olan Vardanyanla danışıqlar aprılmayacağını konkret və bir mənalı olaraq bəyan etdi. Maraqlı məqam odur ki, sülh müqaviləsinə Qarabağ ermənilərinin status məsələsini və Vardanyanla danışıqları hansı dövlətlər təklif və təkid edir? Və niyə məhz Vardanyan ön plana çıxardılıb? Bu suallar ətrafında politoloq Xəyal Bəşirov Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“Dövlət başçısı İlham Əliyev Aİ nümayəndəsini qəbul edərkən bir sıra ciddi məqamlara toxundu. Prezidentin konkret məzmunlu və eyni zamanda ciddi məqamları özündə əks etdirən çıxışında həm Brüssel platformasında sülh sazişinin imzalanması istiqamətində vasitəçiliyin, həm də digər platforma olan Rusiya üçün sülh sazişinin imzalanması ilə bağlı mövqeyini ortaya qoydu. Burada ciddi mesajlar var idi. O cümlədən də Ermənistan cəmiyyətinə və Qarabağda yaşayan erməniəsilli vətəndaşlara mesaj verildi. Bəzi qüvvələr fikir yayırlar ki, guya Azərbaycan Qarabağdakı erməni separatçılarla danışığa gedə bilər. Əsla bu belə deyil.  Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Təbii ki, istənilən Azərbaycan vətəndaşı qanunvericiliyə görə vətəndaşlıqdan imtina edə bilər. Bu onun hüququdur. Bu gün də hətta Azərbaycanın digər ərazilərində yaşayan insanlar da bu seçimdən istifadə edə bilərlər. Həmin ermənilər seçim qarşısındadırlar, ya Ermənistana gedib vətəndaşlıq almaq, ya da ki, Azərbaycan Prezidentinin onlar üçün yaradığı tarixi şansdan istifadə edərək iqtisadi cəhətdən inkişaf edən, qalib Azərbaycanın vətəndaşlığını qəbul etmək. Əks təqdirdə onlar Azərbaycan Respublikasının ərazisində başqa formada yaşaya bilməyəcəklər. Bunun üçün onların 2025 – ci ilə qədər vaxtları var. Bu müddət ərzində ermənilər seçimlərini etməlidirlər. Bu qeyri – müəyyən müddətə uzana biləcək bir proses deyil. Azərbaycan artıq böyük qayıdışla bağlı Prezident İlham Əliyev tərəfindən verilən birinci proqramın təsdiq edilməsi ilə Xankəndini və digər ərazilərimizin quruculuq işlərinə cəlb edilməsini nəzərdə tutur. Avropa İttifaqının nümayəndəsinə Prezident açıq şəkildə bildirdi ki, bu prosesdə onlar Azərbaycan vətəndaşları hesab edilirlər.  Təbii ki, biz istənilən vətəndaşımızla danışıqlar apara bilərik. Bu bizim daxili məsələmizdir. Lakin Moskvanın oraya ezam etdiyi cinayətkar milyarderlərlə heç bir danışıq mümkün deyil. Çünki onların Azərbaycan üçün heç bir status yoxdur. 

Brüssel platforması çərçivəsində və ABŞ -ın bu prosesə qoşulması nəticəsində sülh sazişinin imzalanması istiqamətində söhbətlər gedir. Bu prosesin ilin sonuna qədər yekunlaşdırılması ilə bağlı fikirlər var. Rusiya əslində Ruben Vardanyanı ora ezam etməklə Qarabağda yaşayan ermənilərin hüquqlarını gündəmə gətirməyə çalışırlar. Bununla da Rusiya bu prosesdə aktiv olduğunu nəzərə çatdırmaq istəyir. Əgər Vardanyan Qarabağda yaşayan erməniəsilli vətəndaş olsaydı  bu danışıqlar prosesində digər  vətəndaşlar kimi iştirak edə bilərdi. Hesab edirəm ki, bu məsələyə Prezidentimiz açıq şəkildə aydınlıq gətirdi.  Və bildirdi ki, Azərbaycan öz mövqeyindən qəti şəkildə geri çəkilməyəcək.” 

Bünyamin Bünyadzadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top