Maddi-mədəni irsimizi Lənkəranda necə qoruyuruq?

MƏDƏNİYYƏT 18 noy 2022, 11:58
Bir neçə gündür ki, cənub bölgəsinin regional mərkəzi hesab edilən qədim Lənkəran şəhərindəyəm. O şəhərdəki Azərbaycan tarixinin bir çox səhifələrində yaddaqalan hadisələrin episentrində olub. Layihənin icrası zamanı arada boş qalan vaxtdan səmərəli şəkildə istifadə edib həmişə olduğu kimi şəhərin maddi-mədəni irs nümunələrini ziyarət etdim.

Mayakı, Dairəvi (Zindan) qalanı və vaxtı ilə “Xan evi” olmuş hazırda isə M.Əliyevin adını daşıyan Lənkəran tarix-diyarşünaslıq muzeyini ziyarət etdim. Əməkdaşları çox yüksək səviyyədə muzey haqqında, muzeydə sərgilənən eksponatlar barəsində müfəssəl şəkildə məlumat verdilər. Bu ziyarətdə isə diqqətimi ilk növbədə uzun illər muzeydə çalışan və bizə muzey barəsində ətraflı məlumat verən iki fədakar xanım əməkdaşının öz işlərinə sevgiylə yanaşmaları çəkdi.

Ziyarət zamanı məlum oldu ki, on dörd nəfərlik kollektivi olan muzeydə 10 minə yaxın eksponat formalaşıb. Hazırda muzeyin eksponat fondunun yalnız altı mini sərgilənir. 1913-cü ildə Talış xanı Mir Mustafa xanın şəcərəsindən olan Mir Əhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldılan “Xan evi” 2015-ci ildə əsaslı şəkildə təmir edilib. Əlavə edim ki, xan evi Mir Əhməd xanın sifarişi ilə  Avropadan  dəvət olunan memarlar tərəfindən və Bakıdan gəmi ilə gətirilən tikinti materiallarından istifadə edilərək inşa edilmişdir. Xatırladım ki, bina Lənkəranda ilk çoxmərtəbəli tikili hesab olunur.

Hazırda muzey eksponatlarının sərgilənməsi, müəyyən kompozisiyalara quruluşların verilməsi də məhz həmin ildə, yəni 2015-ci ildə həyata keçirilib. Muzey əməkdaşlarının hər bir eksponata həssaslıqla yanaşması, mühafizəsi üçün az qala “əldən ayaqdan” getməsini yüksək qiymətləndirmək lazımdır. Bəzi mətləblərə, o cümlədən muzeyə baxış zamanı yaranan suallara aydınlıq gətirmək istəyində olmasalarda belə hər halda muzeydə oldugum bir saat yaxın vaxtın bizim üçün səmərəli keçdiyini deyə bilərəm. Qeyd etdiyim suallara isə sonradan özüm digər istiqamətlərdən aydınlıq gətirdim. Bu barədə bir qədər sonra.   Ancaq etiraf edim ki, muzeylə tanışlığım o qədər maraqlı keçdi ki, sonda xatirə kitabına yazmaq niyyətində olduğum fikirləri belə qeyd etməyi unutdum. Odur ki, ürək sözlərimi məhz bu yazıda qeyd etmək istərdim: “Muzey haqqında və muzeydə sərgilənən eksponatlar barəsində ətraflı məlumat verən əməkdaşlara işlərində yalnız uğurlar arzulayır, habelə maddi-mədəni irsimizin keşiyində dayanan insanlara fədakar əməyinə görə təşəkkür etməklə sağlıqlı illərlə daha böyük nailiyyətlərə imza atmağı arzu edirəm”

Etiraf edim ki, bir tərəfdən belə zəngin tarixi abidələri gördüyümdən qədim tariximizlə bir daha qürur hissi keçirsəmdə, digər tərəfdən ziyarətində olduğum digər abidələrin hazırki durumundan çox narahat oldum. Lənkəranın simvollarından biri olan “Mayaka” girişin olmaması, o cümlədən Dairəvi (Zindan) qalanın acınacaqlı duruma düşməsi hər kəsi ciddi şəkildə narahat etməlidir. Mədəniyyət nazirlyi ilə yanaşı Lənkəran Şəhər İcra Hakimiyyəti də bu məsələyə ciddi yanaşmalı və həlli üçün ləngimədən addımlar atmalıdır.

İndisə mətləbə keçim.

***

Cari ildə ziyarət etdiyim Quba tarix-diyarşünaslıq, Quba rayonunun Qırmızı qəsəbəsindəki “Dağ yəhudilərinin tarixi”, Lerik tarix-diyarşünaslıq və “Uzun ömürlülər” muzeylərində, habelə Şamaxı şəhərindəki “M.Ə.Sabirin ev muzeyi”nin hər birində bir mənalı olaraq fədakar insanların çalışdığının şahidi olmuşam.

Lerik tarix-diyasünaslıq muzeyinin zəngin eksponat fondunun olması, Quba tarix-diyarsünaslıq muzeyi və Lerik “Uzunömürlülər muzeyi” üçün dövlət tərəfindən ən müasir standartlara uyğun inzibati binanın inşa edilməsi, Qırmızı qəsəbə “Dağ yəhudilərinin tarixi muzeyinin” ən yüksək səviyyədə həm təmir edilməsi, həmdə eksponatların sərgilənməsində müasir informasiya texnologiyalarından istifadə edilməsiylə seçilirlər. Əlavə edim ki, qədim sinaqoqun binasında yerləşən “Dağ yəhudilərinin tarixi muzeyi” qəsəbənin imkanlı şəxslərinin dəstəyi ilə təmir edilib. Dahi şairin nəvəsinin maliyyə dəstəyi ilə yenidən qurulan “M.Ə.Sabirin Ev muzeyi”nin ölkə üzrə isə təkrarı yoxdur. Beləliklə, mən hər bir muzey haqqında geniş danışmaq fikrindən uzağam. Çünki onların hər biri barəsində çox yazılıb.

***

Lakin ziyarət etdiyim muzeylərə baxış zamanı gəldiyim bəzi qənaətimi oxucularımla bölüşmək istərdim.

Fikimcə, biz keçmiş sovet dövründən muzeylərə olan baxışımıza yenidən nəzər yetirməliyik. Muzeylərin sözündə olan diyarsünaslıq sözünün indiki halda yeri yoxdur. Fikrimcə, “Lənkəran tarixi” muzeyi, “Lerik tarixi” muzeyi kimi təqdim edilməlidir. Onsuzda “diyarşünaslıq” fikrini o muzeylərdə tamamlayan heç bir əlamət belə yoxdur.

Daha sonra bu muzeylərdə formalaşan eksponat fondunun vəziyyəti barədə mütəmadi olaraq monitorinqlər aparılmır. Və fonda aid eksponatların saxlanılmasını bu gün qənaətbəxş sayıla bilməz. Bəzilərində bu ümumiyyətlə acınacaqlı vəzyyətdədir. Üstəlik muzeylərə əhalidən olan nadir tarixi əhəmiyyət daşıyan eksponartların toplanılması üçün maliyyə fondu ayrılmır. Başa düşüləndir. Maliyyənin ayrılması birbaşa istiqamətə xərclənməyə bilər. Ancaq hər bir halda mərkəzləşmiş qaydada və sistemli şəkildə muzeylərin eksponat fondunu zənginləşdirməliyik. Bu Mədəniyyət nazirliyinin bilavasitə vəzifəsidir. Axı niyə etməməliyik. Bizə nə mane olur? Bəzən muzeyin maliyyəsizliyi ucbatından zəngin bir eksponatın sıradan çıxmasına və ya fərdi qayda xarici ölkələrə daşınmasına şəraiti yaratmış oluruq.

Bununla yanaşı muzeylərdə istilik sisteminin olmaması və ya mövcud olanların işləməməsi daha ciddi problem yaratmaqdadır. Min bir əziyyətlə əldə etdiyimiz eksponat bir çox hallarda istilik sisteminin işləməməsi və qurulmaması səbəbindən göz onündəcə məhv olur. Üstəlik əməkdaşların əmək fəaliyyətinə təsirsiz ötüşmür, nəticədə ziyarətə gələnlərin sayına da təsir göstərir.

Habelə sual olunur, muzey ekspozisiyalarının tez-tez yenilənməsinə nə maneə yaradır. Niyə muzey rəhbərliyi bu barədə qərar verməyə aciz qalmalıdır. Fikrimcə, muzey kollektivinə müəyyən addımların atılması üçün müstəqillik verilməlidir.

Bununla yanaşı muzeylərin bəzilərinə girişin pullu, bəzilərinə pulsuz olması da çoxsaylı suallar yaradır. Niyə belə olmalıdır? İstənilən halda muzeyə giriş pullu olmalı və bu pullarda məhz muzeyin saxlanılması üçün əlavə vəsait kimi cəlb edilməlidir.

Əlavə edim ki, İstanbul şəhərində muzeylərin hər birinə giriş adambaşına 300 tl (30 manat) təşkil edir. Və insanlar həvəslə o pul ödəyib muzeyə baxır və zövq alırlar. Amma hər hansı muzeydə bir problemlə belə üzləşmək mümkün deyil. Biz niyə bu təcrübədən istifadə etməməliyik.

Muzeylərin təsis edilməsinin əsas məqsədi hər bir ölkənin qədim və zəngin tarixini yaşatmaqla onu həm gənc nəslin, həm turistlərin diqqətinə çatdırmaq, habelə büdcəyə əlavə vəsaitin cəlb edilməsinə çalışmaq olmalıdır. Əgər belədirsə niyə üzərimzə düşən bu vəzifəsni yerinə yetirmirik və ya yerinə yetirmək niyətində deyilik.

Düşünürəm ki, Mədəniyyət nazirliyi bu barədə öz siyasətinə dəyişiklik etməklə qaldırdığımız məsələlərə diqqət göstərib həllinə çalışacaqdır.

Vüqar Tofiqli

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top