İranda Azərbaycana qarşı təxribatın qarşısı necə alınıb? — VİDEO

SOSİAL 17 noy 2022, 11:35
Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudov İranda sərbəst güləş üzrə Azərbaycan yığmasına qarşı törədilən təxribatı xatırlayıb. Bu, 5 il bundan qabaq baş vermiş hadisədir, lakin İran təbliğat maşınının Azərbaycana qarşı çirkin kampaniya apardığı indiki vaxtda daha aktualdır.

“İranın Azərbaycana qarşı hərbi-siyasi təxribatları ilə yanaşı, zaman-zaman idman təxribatları da olub”.

Bunu Firdovsi Umudov öz feysbuk səhifəsində yazıb.

O, 2017-ci ildə İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan bayrağına necə hörmətsizlik edildiyini xatırladıb. Daha sonra açılış matçından əvvəl komandamızı təqdim edərkən təşkilatçılar arenaya qəribə pankart gətiriblər ki, onun üzərində bayrağın ortasından sola doğru səkkizguşəli ulduz və aypara olub. Bundan əlavə, bayraqda iki ağ zolaq da yer alıb.

F.Umudov həmin vaxtı belə xatırlayır: “2017-ci ildə İranda keçirilən Dünya Kubokunda bizim sərbəst güləş üzrə milli komandamıza təqdim olunan bayraq tamamilə təhrif olunmuşdu. Həmin dönəmdə sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi idim. Bir baş məşqçi və qəlbi vətən eşqi ilə döyünən vətəndaş kimi bunu bayrağımıza olunan hörmətsizlik, həqərat hesab edib, kəskin şəkildə etirazımı bildirdim. Onlar başqa bayrağın olmadığını əsas gətirərək əməllərini pərdələməyə çalışdılar, amma bu bəhanə bizə keçməzdi. Həmin anda üzərimdə götürdüyüm üçrəngli, ay-ulduzlu şanlı Azərbaycan bayrağını təqdim etdim və öz bayrağımızı ucaltdıq”.

2017-ci ildə Bakıya qayıdan kimi Firdovsi Umudov İranda baş verənlərdən ətraflı danışıb. Həmin görüntüləri təqdim edirik:

Dünyanın ən yaxşı məşqçisi seçilmiş Umudov həmin vaxt komandamıza qarşı olunan haqsızlıqlardan da söz açıb:

“Sözügedən Dünya Kubokunda Azərbaycan millisi Gürcüstan komandasını 7:1, Rusiya yığmasını 6:2 hesabı ilə üstələdi. Yarımfinalda Amerika yığması ilə mübarizəmiz başladı və bu məqamda arzuolunmaz hal yaşandı. Ölkəmizi 74 kq çəki dərəcəsində təmsil edən pəhləvanımız  Murad Süleymanov amerikalı idmançı Jordan Barozu 5:1 xal hesabı ilə məğlub etdiyi halda iranlı hakimlər açıq-aydın qərəz nümayiş etdirərək idmançımıza 3 dəfə xəbərdarlıq edib, onu xalçadan uzaqlaşdırdılar. Bununla da amerikalı idmançının qalibiyyətini təmin etdilər. Hətta idmançımız M.Süleymanov xalçada amerikalı rəqibi ilə görüşü zamanı fars pərəstişkarların amerikalı idmançını dəstəklədiyini aydın görürdük. Bu da onların Azərbaycana qarşı məkrli yanaşmalarının bariz nümunəsidir. Qeyd edim ki, həmin yarışda yığmamız bürünc medal uğrunda qardaş Türkiyə yığması ilə qarşılaşdı və 7:1 hesabla qalib gəldik”.

Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov hazırda “Sərhədçi” İdman Mərkəzində idman bölməsinin rəisidir. 2005-2018-ci illərdə sərbəst güləş üzrə Azərbaycan yığmalarında müxtəlif məşqçi vəzifələrində çalışıb. Məhz onun rəhbərliyi altında Azərbaycan yığma komandalarında Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Şərif Şərifov və başqa pəhləvanlar parlayıb.

F.Umudov 2016-2018-ci illərdə Azərbaycanın əsas komandasının baş məşqçisi olub. 2009, 2012 və 2015-ci illərdə Umudov ölkənin ən yaxşı məşqçisi, 2012-ci ildə isə dünyanın ən yaxşı məşqçisi seçilib və belə titula layiq görülən yeganə azərbaycanlı olub. Umudovun rəhbərliyi ilə güləşçilərimiz dəfələrlə dünya və Avropa çempionatlarında, Olimpiada və Dünya Kuboklarında fəxri kürsülərə yüksəliblər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top