Xarici blogerlər: “Azad olunmuş ərazilərdə erməni işğalı dövründə kütləvi dağıntılar törədilib” — FOTO

SİYASƏT 16 noy 2022, 13:57
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri etmiş bir qrup bloqer yerli mediada və sosial şəbəkə hesablarında təəssüratlarını bölüşüblər.

AZƏRTAC xəbər verir ki, xarici bloqerlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə, o cümlədən Şuşa, Füzuli, Zəngilan və digər rayonlara səfər edərək burada erməni işğalı altında olan dövrdə həmin ərazilərdə törədilmiş kütləvi dağıntılar, o cümlədən minalanmış ərazilər, məscidlərin dağıdılması və hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

“Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisində kütləvi dağıntılar törədilib, şəhərlər bütövlüklə yer üzündən silinib. İran sərhədinə 10 kilometr qalmış ərazidə dağıdılmış məscidlərdən birini gördük”, - deyə Deyv Qordon adlı bloqer özünün “Facebook” səhifəsində bildirib.

“Qarabağ ərazisi 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycan tərəfindən azad olunub. Ərazidə zərərsizləşdirilməli milyonlarla minanın mövcud olmasına baxmayaraq, gələcəyin yenidən qurulması prosesi artıq başlayıb. Bir il ərzində artıq 50 ailə üçün nəzərdə tutulmuş “Ağıllı ev”lər və Füzuli rayonunda hava limanı istifadəyə verilib,” - deyə bloqer vurğulayıb.

Digər bloqer Şay De Luka isə özünün “Twitter” hesabında yazıb: “Şərqin Qərblə qovuşduğu məkana - Bakının paytaxtı Azərbaycana xoş gəlmisiniz. Antisemitizmin son onilliklər ərzində görmədiyimiz səviyyələrə qalxdığı bir dövrdə əksəriyyəti müsəlman olan bu ölkədə yəhudilər çox tolerant mühitdə yaşayırlar.

Biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmişik. Burada kilometrlərlə məsafədə uzanan mina sahələrindən ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün yaradılmış keçid məntəqəsindən keçməli olduq. Biz israillilər müharibənin reallığını çox yaxşı bilirik”.

“Hazırda Azərbaycanın Qarabağ bölgəsində səfərdəyik. Burada hər yerdə mina sahələri var. Bütün kəndlər darmadağın edilib. Uzaqdan minanın zərərsizləşdirilməsi prosesini izlədik. Biz düz İranla sərhəddəyik. Burada gördüyünüz dağlar və onların ətəyində yerləşən binalar İranın ərazisidir,” - deyə israilli bloqer Adam Zivo “Twitter” səhifəsində bildirib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top