“Ermənistan analoji addımlar atmayacaqsa, biz onu atmağa məcbur edəcəyik” — Elman Nəsirov

SİYASƏT 14 noy 2022, 16:46
“Ermənistanın baş naziri Nikol Paşinyan gün ərzində bir neçə dəfə eyni məsələ ilə bağlı mövqeyini dəyişir. Əgər Moskvaya səfər edirsə, Moskvada ondan nə eşitmək istəyirlərsə, onu söyləyir. Vaşinqtonda səfərdə olarkən Birləşmiş Ştatlar rəhbərliyi ondan hansı ifadəsini istəyirsə, onu səsləndirir. Bu şəxs müxtəlif paytaxtlarda eyni məsələ ilə bağlı müxtəlif fikirlər söyləyə bilər. Ona görə də, beynəlxalq aləmdə qeyri-ciddi siyasətçi kimi tanınır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.  Deputat qeyd edib ki, Paşinyanın çıxışları başdan ayağa ittihamdan ibarətdir.

“İndi də bir yandan deyir ki, Ermənistan hökuməti ilin sonuna qədər sülh müqaviləsi imzalamaq istəyir və bu, onun niyyətidir. Amma eyni zamanda da söyləyir ki, Qarabağda guya Azərbaycan “erməni soyqırımı” etməyə hazırlaşır. Bir yandan da söyləyir ki, Zəngəzur dəhlizi açmaq kimi öhdəlikləri yoxdur. Fikir verirsiniz, başdan ayağa ittihamdır və sülh müqaviləsinin imzalanmasına birbaşa mane olacaq bir davranışdır. Əvvəla Cənab İlham Əliyev dəfələrlə söyləyib ki, Qarabağ məsələsini biz həll etmişik. Artıq münaqişə yoxdur, müharibə yoxdur, həllini gözləyən məsələlər var. Ümumiyyətlə, Azərbaycan artıq Qarabağla bağlı məsələ daxili işidir. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Buna heç bir başqa dövlət müdaxilə edə bilməz. Bu, Azərbaycanın daxili işidir. Dəfələrlə söyləyib ki, orada yaşayan ermənilər də Azərbaycan vətəndaşı olaraq Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquq və vəzifələrə malikdirlər. Nə ondan artıq, nə də ondan əskik bərabərhüquqlara malikdirlər. Və onların Azərbaycan dövlətinin tərkibində gələcək inkişafı üçün bütün imkanlar yaradılacaq, təmin ediləcək. Bu prinsipal və dəyişməz mövqedir. Bunu da Cənab Prezidnet hər zaman söyləyir. Amma, Ermənistan baş naziri isə yenə də çalışır ki, gərginlik yaratsın. Guya ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı “soyqırım” siyasəti həyata keçirməyə hazırlaşır. Bu ifadəni səsləndirən dövlət başçısı necə sülhə gedə bilər? Yəni, başdan ayağa ittihamdır. Qarabağda yaşayan ermənilər üçün status tələb etməkdən başqa bir şey deyil. O isə qeyri-mümkündür. Ali Baş Komandanımız bütün ictimaiyyətə səsləndirib ki, status olmayacaq. Bu, qeyri-mümkündür və orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır”.

Deputat Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərini isə belə şərh edib:

“Zəngəzur məsələsinə gəlincə, 10  noyabr Bəyannaməsinin 9-cu bəndi bunu özündə ehtiva edir. Azərbaycan-Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından söhbət gedir və eyni zamanda Azərbaycanın əsas hissəsi Naxçıvan arasında kommunikasiyaların qurulmasından, avtomobil və dəmir yolu xəttinin çəkilməsindən söhbət gedir. Ermənistan çalışır ki, bu prosesə mane olsun. Müxtəlif manipulyasiyalara əl atır, bu mövqeyini öz istədiyini kimi yozmaq istəyir. Bunlar hamısı mənasız cəhdlərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev birmənalı şəkildə bildirdi ki, biz bu niyyətimizi dinc yolla həyata keçirtmək istəyirik, danışıqlar yoluyla tənzimləmək istəyirik və bu istiqamətdə üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Ermənistan da analoji addımlar atmalıdır, atmayacaqsa, biz onu analoji addım atmağa məcbur edəcəyik. “Dəmir yumruq” yerindədir və Ermənistan bunu heç vaxt yaddan çıxartmasın!” 

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top