“Artıq İran xalqı əmmaməli siyasətin iç üzünü yaxşı anlayır”

SİYASƏT 11 noy 2022, 19:10
İranda xalqın etiraz aksiyaları davam edir. Bu ölkənin əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra vüsət alan aksiyalar əslində İranda illərdir tapdalanan insan haqlarına, demokratiyaya daban-daban zidd addımlara, din pərdəsi altında molla rejiminin islama zidd fəaliyyətinə, həmçinin burada yaşayan digər xalqların hüquqlarının nümunəsi olmayan formada tapdalanmasına etirazdır. 22 yaşlı gəncin qətli illərdir yığılıb qalan narazılığın alovlanması üçün qığılcım rolunu oynayıb. Müasir, sivil dünyanın, eyni zamanda İslam dinini təhqir edən erməniyə qucaq açmaqla həm də İslam dünyasının üzqarasına çevrilən İrandakı proseslərin xalqın qələbəsi ilə sonuclanacağı hər ötən gün yəqinlik qazanmaqdadır. 

İran hakimiyyəti xalqın etirazlarını boğmaq üçün son çarə kimi edam, həbs qərarlarını daha da intensivləşdirsə də, bütün bu addımlar əks effekt doğurmaqdadır. Artıq İran xalqı sivil dünyadan təcrid olunduğunu, ən kiçik insan hüquqlarından belə məhrum olduğunu, əmmaməli siyasətin iç üzünü yaxşı anlayır. Anlayır ki, İran rejimi müasir dünyanın ən öncül dövlətlərini şeytan gözündə görməsinin, onları İslamın düşməni kimi qələmə verməsinin arxasında çirkin siyasi niyyətlər gizlənib. Reallıq budur ki, əslində İran hakimiyyəti din pərdəsinə bürünərək İslamı nüfuzdan salan əsas qüvvəyə çevrilib. Bu ölkədə din adı altında reallıqda nələrin yaşandığını bütün dünya, nəhayət ki, İran xalqı da dərk etməyə başlayıb. İran nə vaxt hansısa ölkədə hüquqları pozulan müsəlmanların yanında yer alıb ki? Əksinə, bütövlükdə İslam dünyasını parçalamağa xidmət edən bütün fitnə-fəsad, məhz İrandan qaynaqlanıb. 

Sadalananlara görədir ki, İran rəsmilərinin, mollaların ölkənin daxilindəki etirazların ucunu xarici qüvvələrə bağlamaq cəhdləri əvvəlki nəticə vermir. Xalqın azadlıq tələbləri artan xətlə yüksəlir. İranın Ekbatan, Gilan, Əhvaz, Yəzd, Azadşəhr, Məşhəd və bir sıra şəhərlərində davam edən etiraz aksiyalarında “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” kimi şüarlara yer ayrılıb. Aksiya iştirakçıları divarlara Şiraz şəhərində baş verən terror hadisəsinin səbəbkarının Xameneyi olduğunu bildirən şüar “Əli şikəst olan şəxs Şahçıraq qatilidir!”- yazıblar. Tehranın Azadşəhr yaşayış massivində etirazçı gənclər radikal və yarımhərbi “Bəsic” qüvvələrinin qərargahını Molotov kokteyli ataraq yandırıblar. Eyni zamanda, mülki geyimli hökumət qüvvələri küçədə vətəndaşlara hücum edib və onları öz avtomobillərindən düşürərək döyüb. Tehranın Səttarxan məhəlləsində ötən gecə boyu anti-hökumət etirazları səngiməyib. Qərbi Azərbaycan əyalətində vətəndaşlar İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən Faiq Mamqadirinin öldürülməsinə etiraz ediblər. Noyabrın 9-u axşam saatlarında onun ailəsinin Soyuqbulaq (Mahabad) şəhərindəki evinin qarşısına toplaşan etirazçılar İslam Respublikasının bayrağını yandırıb və “Şəhid ölməz!” şüarı səsləndiriblər. Məşhəddəki “Firdovsi” Universitetinin tələbələri dərsləri boykot edərək hökumətə qarşı etiraz aksiyası keçiriblər. Hökumət sözçüsü Əli Bahaduri Cəhromiyə “2019-cu ilin noyabrında 1500 nəfərin ölümünə haqq qazandıran nədir?!” sualı ilə xitab edən tələbələrin “Şərəfsiz!”, “Şərəfsiz!” şüarları zalı bürüyüb.

İranın digər əyalətlərində də aksiyalar müxtəlif formalarda həyata keçirilib. Qum şəhərində mollaların əmmamələrini vurub yerə salmaq aksiyası davam edib. Etirazçılar İranın dini lideri Xameneyinin Əhvazda reklam lövhəsini, Yəzddə banerini yandırıb, Babol şəhərində isə Xameneyinin banerini söküb dağıdıblar. Narazı xalqın etirazları Hürmüzqan, Kürdüstan, İsfahan, Xorasan-Rəzavi əyalətlərinin müxtəlif yerlərində də keçirilib. 

İranda edam və həbslərlə bağlı yeni məlumatlar da yayılıb. Henqav İnsan Hüquqları Təşkilatının xəbərinə əsasən, 8 qadın və 11 uşaq daxil olmaqla 62 nəfər öldürülüb, 4200-dən çox məhbus var ki, onlardan 83-ü uşaq və 135-i qadındır. Bundan başqa, İran parlamenti 290 deputatdan 227-nin səsi ilə, təxminən 15 min nəfərin edam cəzasını təsdiqləyib.

İran hakimiyyəti vəziyyətin idarəolunmaz şəkil almasını etiraf etməsə də, real mənzərə göz önündədir. Rəsmilər müxtəlif yollarla diqqəti başqa səmtə yönəltməyə cədlər göstərməklə yanaşı, guya etirazçılara bilərəkdən daha sərt yollarla müqavimət göstərmədiklərini bildirərək, xalqı təhqir edən ifadələrə belə yer verirlər. Misal olaraq, İran Ordusunun Quru Qoşunlarının komandanı general Kəyumərs Heydərinin son açıqlamasına diqqət edək. O, İrandakı son etirazlarla bağlı sərt açıqlamasında etirazçıları “milçək” adlandırıb: “Əgər bu “milçəklərlə” inqilabi cəmiyyətin gözlədiyi kimi bu gün mübarizə aparılmırsa, bu, inqilabın ali liderinin istəyidir”.

Bu qəbildən olan açıqlamalar İrandakı rejimlə xalq arasında dərin uçurumun yaranmasına dəlalət edir. Rejim xalqdan gələn etirazları dinləmək, insan haqları sahəsində müvafiq addımlar atmaq kimi xüsusiyyətlərə tam yaddır. Əvəzində həmişəki kimi ABŞ-ın, İsrailin və başqa Qərb ölkələrinin İranın daxili işlərinə müdaxiləsi xəttindən  yararlanmaq siyasətindən əl çəkmir. Sual olunur: İrandakı insan haqlarına tam zidd qərarların müəllifi Qərbdirmi? Öz xalqını düşmən gözündə görməyi Qərbmi diktə edir? İslamı təhqir edən Ermənistanın rəsmiləri ilə molla rejiminin rəsmilərinin qucaqlaşmasını, öpüşməsini Qərbmi edir? 30 ilə yaxın işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan edən, bu müqəddəs yerlərdə donuz, inək saxlayan, bütün müsəlman dünyasına təhqir edən Ermənistanın yanında bütün imkanları ilə yer almağı Qərbmi göstəriş verib? Bu qəbildən olan suallar çoxdur və İran rejimi bu suallar qarşısında acizdir... 

Qısası, yürütdüyü yanlış siyasət İranın fars-molla rejimini dünyanın, islamın bətnində qara yaraya çevirib. Sivil dünyaya tam yad olan, insan haqlarına məhəl qoymayan İran rejiminin süqutu qaçılmazdır.Ya bu gün, ya sabah...

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top