“Üçrəngli bayrağımız illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalanır” — Deputat

GÜNDƏM 09 noy 2022, 20:11
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir. Dövlətçiliyimizin, milli, mənəvi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram dövlət başçımız tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur”.  

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. 

“Məhz, ulu öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilmiş və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu almışdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Uzun illər davam edən işğala son qoyuldu, işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Bu gün ən yüksək zirvələrdə dalğalanan, qələbə sevincimizin müjdəçisi olan  üçrəngli bayrağımız, bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalanır. Üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Müzəffər Ali Baş Komandanmızın qeyd etdiyi kimi “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top