"Media mühiti saflaşdırılmalıdır, bu məsələdə Media Reyestri böyük rol oynayır"— Müşfiq Ələsgərli

MEDİA 03 noy 2022, 18:46
“Azərbaycanda “Media haqqında” yeni qanunun qəbul olunması, buna uyğun olaraq Media Reyestrinin tətbiq olunması, bu Reyestrdə həm media orqanlarının, həm də jurnalistlərin qeydiyyatının aparılması ölkədə media mühitinin saflaşdırılması, sağlamlaşdırılması üçün zəruri olan addımlardır”.

Bunu APA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.

Müşfiq Ələsgərli deyib ki, bunlar peşəkar KİV üçün gələcəkdə münbit şəraitin yaradılması, eyni zamanda jurnalistlərin peşəkar fəaliyyəti üçün onlara dəstək məqsədi daşıyır: “Paralel olaraq bu, media qurumları və jurnalistlərin hüquqlarının müdafiəsini asanlaşdırır. Beləliklə, “Media haqqında” yeni qanunun və Media Reyestrinin tətbiq olunması Azərbaycanda peşəkar jurnalistikanın inkişafına, media mühitinin şəffaflaşdırılmasına, sağlamlaşdırılmasına yönəlik addımlardır”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü qeyd edib ki, artıq Media Reyestrinin tətbiqinə başlanılıb və bu proses kifayət qədər sürətlə aparılır: “6 ay müddətində hazırda fəaliyyətdə olan media orqanlarının Media Reyestrinə daxil edilməsi həyata keçirilməlidir. Çox təəssüf ki, Azərbaycanda media mühitinin sağlamlaşdırılmasını, şəffaflaşdırılmasını və peşəkarlaşdırılmasını istəməyən qüvvələr də var. Bunlar uzun müddət Azərbaycan mediasında xaotik durumun mövcud olmasından sui-istifadə etmiş, mediadan öz qeyri-sağlam məqsədləri üçün yararlanmış qüvvələrdir. Belələri “Media haqqında” yeni qanun və Media Reyestri haqqında yalan, həqiqətə uyğun olmayan, reallığa söykənməyən fikirlər yaymaqla bu prosesi gözdən salmaqda, mediada qeyri-sağlam mühitin davam etməsində maraqlıdırlar. Çünki onların maraqları, işləri, gəlirləri qeyri-sağlam mühitin üzərində qurulub”.

Müşfiq Ələsgərli hesab edir ki, bu məsələdə kifayət qədər iradəli davranılıb: “Ölkədə 30 ilə yaxın davam etmiş xaotik media mühitinin sağlamlaşdırılması üçün iradəli addımlar atılıb. Bütün kənar, yan təsirlərə baxmayaraq, köklü islahatların həyata keçirilməsi təmin edilir. “Media haqqında” yeni qanun və Media Reyestrinin tətbiqi artıq öz faydalılıq əmsalını göstərməkdədir. Yaxın gələcəkdə biz bunun faydalarını daha aydın formada görəcəyik. Media Reyestrinin tətbiqi Azərbaycanda peşəkar media və jurnalistikanın inkişafı üçün düşünülmüş addımdır və indiyə qədər media mühiti adına səslənən bir çox neqativ halların aradan qaldırılmasına yardım göstərmiş olacaq”.

O vurğulayıb ki, Azərbaycanda medianın saflaşdırılmasını istəməyən qüvvələr “Media haqqında” yeni qanun və Media Reyestrini gözdən salmaq üçün çox uydurma, qondarma arqumentlər irəli sürürlər: “Bu arqumentlərin əsassız, uydurma olduğunu artıq media mütəxəssisləri tərəfindən arqumentlərlə isbatlanıb. Ona görə cəmiyyətimiz ayıq olmalı və bu cür manipulyativ fikirlərin təsirinə düşməməlidir. Azərbaycanda media mühiti saflaşdırılmalıdır. Bu məsələdə həm “Media haqqında” yeni qanun, həm də Media Reyestri böyük rol oynayır. Bu prosesdən gözləntimiz budur ki, media sahəsində saflaşma, təmizlənmə olsun. Şantajçı şəxslər, medianın adına xələl gətirən, ləkə olan “jurnalistlər” sıradan çıxsın”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top