Ermənilərin Qarabağdakı vəhşilikləri Fransanın Əlcəzairdəki soyqırımının davamıdır — TƏHLİL

SİYASƏT 01 noy 2022, 12:07
Əlcəzair Xalq Demokratik Respublikası 1-2 noyabr tarixlərində 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi edəcək. Sonuncu dəfə 2005-ci ilin 22-23 mart tarixlərində liqanın sammiti bu ölkədə keçirilib. 22 ölkənin üzv olduğu nüfuzlu sammitə Azərbaycan Prezidenti İlham Əliyev də Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunub. Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün noyabrın 1-də bu ölkəyə səfər edib.

Diqqətlərin Əlcəzairə yönəldiyi bu məqamda Şimali Afrika ölkəsi barədə daha ətraflı danışmağa ehtiyac var. Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük, dünyada isə 10-cu ölkədir. Ölkə əhəmiyyətli təbii qaz (istehsalda dünyada 5-ci, ixracatda 4-cü) və neft (istehsalda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır. Son illər ölkə iqtisadiyyatının diversifikasiyası və xarici investisiyaların cəlb olunması məqsədilə hərtərəfli siyasət yürüdülür. Ölkənin tarixi də qəhrəmanlıq nümunələri və faciəli hadisələrlə zəngindir. Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Sakit keçən Osmanlı dövrü ilə müqayisədə Fransanın 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb. Buna görə, Əlcəzair bəzən “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. Amma repressiya və kütləvi qətliamlar Əlcəzair xalqının əzmini qırmır. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə başa çatır. Milli Azadlıq Hərəkatı məhz 1 noyabrda başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti də məhz bu əlamətdar tarixə salınıb.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Əlcəzair Prezidenti Abdelmacid Tebbuna göndərdiyi təbrik məktubunda da 1 noyabr tarixinin Əlcəzair xalqı üçün önəmi bir daha vurğulanır.

“1 noyabr 1954-cü ildə Əlcəzair xalqı müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlamışdır. Müstəmləkəçi qüvvələrin xalqınıza qarşı törətdiyi misli görünməmiş şiddətinə, zorakı əməllərinə və müharibə cinayətlərinə baxmayaraq, Əlcəzair xalqının müstəqillik əzmi sarsılmamış, əksinə, milli birlik və həmrəylik daha da güclənmişdir”, - məktubda deyilir.

Doğrudan da, Əlcəzair və Azərbaycan xalqlarının tarixində paralel aparsaq, hər iki xalqın müstəmləkə zülmünə qarşı mübarizəsi, verdiyi qurbanlar və qələbə əzmi oxşarlıq təşkil edir.

Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı. Məhz bu məqamda özünü Avropada “demokratiyanın beşiyi” sayan Fransanın ikili standartları, qeyri-demokratikliyi özünü büruzə verir. Bu məqamda Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsində apardığı siyasət arasında paralellər aparmaq olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşmanın dayandığını qeyd etməliyik. Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan artıq əhalisinə muxtariyyət belə verməkdən imtina etmişdi.

Muxtariyyət verməməklə kifayətlənməyən Fransa 1830-cu ildə işğal etdiyi və həmin tarixə qədər heç bir əlaqəsi olmayan ölkəni Fransanın ayrılmaz parçası elan etmişdi. Əlcəzair xalqı bu haqsız durumla razılaşmayaraq 1954-cü ildə ayağa qalxmış, müstəmləkəçi qüvvələrə müqavimət göstərməyə başlamışdı. Məqsədinə nail olmaq üçün işğalçı Fransa ordusu kütləvi qətliamlar, habelə müharibə və insanlıq əleyhinə çoxsaylı digər cinayətlər də törədir. Bu cinayətlər istər işğalın başlandığı 1830-cu illərdə, istər müstəmləkə dövrünün davamında, istərsə də 1954-cü ildə azadlıq mübarizəsi açıq müstəviyə çıxanda özünü büruzə verir. Məsələn, hələ 1832-ci ildə Fransanın işğalına müqavimət göstərən El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilir. Fransızlar qısa zamanda onlara qarşı mübarizəyə qalxdığı üçün qadınlar və uşaqlar da daxil olmaqla 12 min insanı qətlə yetirir. Həmçinin, Fransa İkinci Dünya müharibəsinin başa çatdığını qeyd etdiyi 8 may 1945-ci ildə bu dəfə öz azadlıqları üçün mitinqə çıxan əlcəzairlilərə divan tutur. 1945-ci ildə Əlcəzairin Setif şəhərində törədilən həmin qırğın zamanı 45 min əlcəzairli öldürülür, həmçinin 5 000-ə yaxın adam həbs olunur, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilir. Halbuki, əlcəzairlilər Fransanın 1940-cı ildə Almaniya tərəfindən işğalına qarşı qətiyyətlə mübarizə aparır. İkinci Dünya müharibəsi zamanı 173 min əlcəzairli Fransa ordusuna cəlb edilir, onlardan 26 mini döyüş meydanlarında həlak olur. Daha 120 mini isə müdafiə istehkamlarının qurulması işlərinə səfərbər edilir. Amma Fransa azadlıqları üçün bu qədər qurban verən Əlcəzairə bu fədakarlığına görə, nəinki təşəkkür edir, bölgənin hüquqlarının genişləndirir, əksinə, yuxarıda qeyd edildiyi kimi, Setif şəhərində qətliam törədir. Və hələ də rəsmi Paris həmin faciəni qətliam kimi tanımaqdan imtina edir. Qeyd olunmalıdır ki, hər il mayın 8-i Əlcəzairdə “Milli Yaddaş Günü” kimi qeyd olunur. Azadlıq mübarizəsi zamanı Əlcəzairin şimal-şərqindəki Ores və Atlas dağ silsilələrinin nəhəng yeraltı tunel şəbəkələrində “mağara müharibəsi” gedirdi. Əlcəzairlilərin bu cür uğurlu taktikaları qarşısında aciz duruma düşən fransızlar Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan - zəhərli qazlardan istifadə edirdi. Məqsəd mübarizə aparan insanları mağaralardan qovmaq və əlcəzairliləri əsir tutaraq, kəşfiyyat məlumatları toplamaq idi.

Daha bir faciə 1961-ci il oktyabrın 17-də baş verir. Həmin gün on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilir, mindən çox şəxs həbs olunur. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olur. Bu dəfə də Fransa hakimiyyəti ölkənin mərkəzində baş verən faciə barədə susur. Yalnız faciədən 37 il sonra Fransa “Sena qətliamı” zamanı insan ölümlərini təsdiqləyir və bu zaman da qərəzindən qalmır, ölü sayını cəmi 40 nəfər göstərir. Fransanın törətdiyi qətliamlara görə, məsuliyyəti boynuna almamaq ənənəsi görünür ki, “kiçik qardaşlar”ı Ermənistana da sirayət edib. 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar əslində 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. Hər iki halda, müqəssir tərəf planlı şəkildə gerçəkləşdirdiyi cinayətin məsuliyyətini boynuna almayıb, üzr belə istəməyib. Ermənistan və Fransanın siyasətində daha bir oxşar məqam qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik mənzərəsini dəyişmək üçün Ermənistandan, Yaxın Şərqdən ermənilər köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində XX əsrin ortalarında 9 milyonluq əhalinin 1 milyonunu bu torpaqlara heç bir aidiyyəti, bağlılığı olmayan avropalılar (kolonlar və ya pye-nuarlar deyilirdi) təşkil edirdi. Fransa Əlcəzairdə irqçi, diskriminativ qanunlar tətbiq edərək, əlcəzairliləri "Fransanın ərəb müsəlmanları" adlandırmış, əhalinin torpaq və mülklərini əllərindən almışdı. Bu, Qarabağda etnik təmizləməyə məruz qalan azərbaycanlıların evlərinə ermənilərin məskunlaşmasını xatırladır. Beynəlxalq Əmək Təşkilatının 1930-cu ildə qoyduğu qadağaya baxmayaraq, əlcəzairlilər məcburi əməyə (biyar) cəlb edilməkdə davam edilir, ölkənin milli kimliyinin xüsusiyyətlərinin məhv edilməsi məqsədilə məscid və quran məktəblərinə qarşı şiddətli mübarizə aparılır, 1836-cı ildən başlayaraq xristianlığı təşviq etmək üçün ilk missioner məktəbləri açılırdı. Erməni millətçilərinin 1990-cı illərdə Qarabağda məscidlərə qarşı həyata keçirdiyi vandalizm siyasəti fransalı sələflərinin Əlcəzairdəki siyasəti ilə eynilik təşkil edir. Digər mühüm məqam, ekoloji terror aspektində Fransa və Ermənistan arasında fərqli vasitələrlə eyni addımın atılmasından ibarətdir. 1960-1966-cı illərdə Əlcəzairin Reggan və İn Ecker ərazisində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, bunlardan 11 yeraltı sınaq 1962-ci ildə “Əlcəzair müharibəsi”nə son qoyan “Evian razılaşmalarından” sonra həyata keçirilib. Bu günə qədər minlərlə əlcəzairli fransızların basdırdığı mina partlaması nəticəsində həlak olub və ya ciddi yaralanıb. Və bu çoxsaylı faktlar, sübutlar təsdiq olunsa da, Fransanın qadağan olunmuş silahlardan istifadə edib, beynəlxalq humanitar hüquqa dair 1949-cu il Cenevrə konvensiyalarını kobud surətdə pozması aydın olsa da, Fransa hələ də Əlcəzairdəki soyqırımı rəsmi tanınmayıb və hətta üzr belə istənilməyib.

Amma rəsmi Parisə ikiüzlü siyasət yürüdərək azərbaycanlıları ermənilərə qarşı müharibə cinayətləri törətməkdə ittiham edir. Cinayətkar və qurbanın yerini öz siyasi maraqları, məkrli planı naminə dəyişən Fransa Ermənistanın Qarabağdakı mina terrorunun, ekologiyaya vurduğu zərərin Əlcəzairdəki siyasəti ilə paralellik təşkil etdiyini təbii ki, yaxşı anlayır. Bununla belə, Əlcəzair bu gün də Fransadan bəzi məsələlərin həllini tələb edir: Onlar arasında Fransada saxlanılan bütün arxiv sənədlərinin Əlcəzairə qaytarılması önəmli yer tutur. Belə ki, törətdikləri vəhşiliklərin üzə çıxacağından qorxuya düşən Fransa hökuməti Əlcəzairdən oğurladıqları arxiv sənədlərini geri qaytarmaqdan imtina edir. Maraqlıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin arxivini də girov kimi özündə saxlayan Fransa hökuməti, hətta həmin arxivə daxil olmağa belə Azərbaycan tərəfinə imkan vermir. Göründüyü kimi, rəsmi Paris istər Əlcəzair, istərsə də Azərbaycanın öz tarixinə dair həqiqətləri öyrənməsində maraqlı deyil. Paralel olaraq, Əlcəzair Fransanın ərazisində keçirdiyi nüvə sınaqlarına dair qovluğun açılması, aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələrin təqdim edilməsi, sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və təzminat ödənilməsi tələbini də irəli sürür. Bu haqlı tələb qarşısında hər yeni Fransa Prezidenti fərqli və gülməli bəhanələr gətirərək məsələyə baxılmasını uzadır.

Azərbaycan tərəfini Ermənistanın mülki obyektlərini atəşə tutmaqda ittiham edən Fransa, Əlcəzair ərazisində həyata keçirtdiyi nüvə silahı sınaqları nəticəsində ərazinin ekoloji vəziyyətinə və əhalinin sağlamlığına ciddi ziyan dəydiyini yaxşı anlayır. Məsələnin ən dəhşətli tərəfi odur ki, yeraltı sınaqların hamısı Əlcəzair müstəqil olduqdan sonra gizli şəkildə həyata keçirilib. Yəni, Fransa müstəqil dövlətin ərazisində onun razılığı olmadan kütləvi qırğın silahının sınağını gerçəkləşdirib. Özünü müstəqil adlandıran Fransa məhkəməsinin məsələ ilə bağlı qərarı bu günə qədər verməməsi də Fransa demokratiyasının durumu ilə bağlı sual doğuran daha bir məqamdır. İkiüzlülüyün daha bir simvolu kimi Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını kəskin tənqid edən Fransanın müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünü Parisdə muzeydə nümayiş etdirməsi ilə bağlıdır. Əlcəzair həmin kəllə sümüklərinin 500-nün əlcəzairlilərə məxsus olduğunu xatırladaq onları geri istəyir. Fransa isə vaxtı ilə müstəmləkə zülmü verdiyi, istismar etdiyi və öldürdüyü həmin xalqların hisslərini aşağılayan, təhqir edən bu muzey nümayişini dayandırmır, həmin kəllələri qənimət kimi saxlamağa üstünlük verir. Vurğulanması vacib olan əsas məqam isə Fransanın Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina etməsi ilə bağlıdır.

Hətta Prezident Emmanuel Makron daha da irəli gedərək Əlcəzairin Fransanın müstəmləkəsi olmasından əvvəl bir millət olaraq mövcud olub-olmamasını şübhə altına almış və Əlcəzairdə hakimiyyətin hərbi-siyasi sistem tərəfindən idarə etməsinə dair fikirlər səsləndirmişdi. Həmin fikirlər Əlcəzairdə qəzəblə qarşılanıb.

Qeyd olunmalıdır ki, Makronun cari ilin 25 avqust tarixində Əlcəzairə səfəri zamanı 12 fransız və əlcəzairli tarixçidən ibarət qarşılıqlı komissiyanın yaradılması da elan edilib. Komissiya ikin mərhələdə müstəmləkə və müharibə dövrünü əhatə edən hər iki ölkənin arxivlərinə daha geniş çıxışın təmin edilməsini nəzərdə tutur. Lakin, Fransanın komissiya yaratmaqla, Əlcəzairdə törətdiyi soyqırımı ilə bağlı vaxtı uzatmaq, məsələni tarixçilər səviyyəsinə endirməklə ona qarşı səsləndirilən ittihamları “tarixçilər tərəfindən iş aparılır” arqumenti ilə gündəlikdən çıxartmaq məqsədi daşıdığı görünür. Tarixçilərdən ibarət komissiyanın bu məsələni araşdırmalı olduğunu tələb edən Fransa, nədənsə “erməni soyqırımı” məsələsinə gəldikdə türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görmür, birbaşa Türkiyə tərəfini soyqırımı törətməkdə ittiham edir.

Göründüyü kimi, ikili standartlar və riyakarlıq yuxarıda sadalanan bütün məqamlarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir. Bu riyakarlıq isə demokratiya pərdəsi altında ədalətli yanaşma kimi təqdim olunur. /APA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top