“Mina konfetdir erməni cibinə qoyub gətirə?!” — Millət vəkili

MÜSAHİBƏ 07 okt 2022, 13:38
Elman Məmmədov: “İtkin düşən 4 min nəfərimizin taleyi ilə maraqlanan yoxdur, amma erməni əsirləri üçün dəridən-qabıqdan çıxırlar”

Parlamentdə 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsini təmsil edən deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov “Yeni Müsavat”a müsahibəsində erməni faşizmini ifşa edən faktlar açıqlayıb, beynəlxalq aləmin səssizliyinə, Rusiyanın Qarabağdakı hərbi kontingentinin cinayətlərə şərik olmasına etirazını bildirib.

- Elman bəy, Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq erməni vandalizminin gerçək simasını ortaya çıxaran növbəti dəhşətli fakt oldu. Qarabağ müharibəsi iştirakçısısınız, dəhşətləri şəxsən görmüsünüz, erməni vəhşilikləri barədə kifayət qədər məlumatlısınız. Sizə elə gəlmirmi ki, bu günədək taleyindən xəbər bilinməyən 4 min Azərbaycan vətəndaşının əksəriyyətinin qalıqları elə hazırda Rusiya sülhməramlılarının mövcud olduğu ərazilərimizdədir?

- Çox təəssüf ki, Edillidə aşkarlanan sonuncu kütləvi məzarlıq olmayacaq. Bu kimi kütləvi məzarlıqlar hələ bu gün də erməni işğalı altında olan və Rusiya hərbi kontingentinin - onlara sülhməramlı deməyə dilim gəlmir - nəzarətində olan ərazilərimiz ki var - Xocavənd rayonunun böyük bir hissəsi, Xocalı rayonunun ərazisi, keçmiş Ağdərə rayonunun ərazisi, Xankəndi şəhəri və onun yaxın ətrafı - bu ərazilərdə hələ kütləvi məzarlıqlar çox aşkara çıxacaq. Azərbaycan beynəlxalq aləmə aşkarlanan faktlarla bağlı saysız-hesabsız tələblər ünvanlayır. Bizim 4 minə qədər insanımızın taleyi bu günə qədər məlum deyil, onlardan elə 150 nəfəri Xocalı sakinləridir. Ermənilər itkin düşənlərimizlə bağlı nə bir məlumat vermirlər, nə də daim ermənilərə havadarlıq edən qurumlar bu barədə onların qarşısında ciddi tələblər qoymurlar. Mən tam əminliklə deyirəm ki, adını çəkdiyim ərazilərdə belə kütləvi məzarlıqlar hələ çox olacaq. Birinci Qarabağ müharibəsi zamanı basdırılmış insanların qalıqlarına diqqətlə baxdım, hətta efirdən görünürdü ki, kəllə sümüklərində sınma, qırılmalar var. Aydın olur ki, onlar döyülərək, işgəncə verilərək qətlə yetirilib. Yəqin ki, bütün bunlarla bağlı araşdırmalar aparılacaq. Bu faktlar erməni vəhşiliyinin növbəti təsdiqidir.

- Azərbaycandan erməni terrorçuların buraxılmasını israrla tələb edənlər - yeri gəlmişkən, iki gün əvvəl daha 17 erməni hərbçi İrəvana qaytarıldı - nədənsə Azərbaycana qarşı törədilmiş dəhşətli cinayətlərə susqun qalırlar, Edilli qətliamına da fərqli reaksiya görmürük...

- Biz 1988-ci ildən bunun şahidiyik. Müxtəlif beynəlxalq qurumların, dövlətlərin rəsmilərinin erməniləri himayə  etməsinin, onlara havadarlıq etmələrini daim görmüşük. Hələ mən 100 il əvvələ qayıtmıram. Elə 1988-ci ildən ermənilərin Xocalı, Malıbəyli, Başlıbel, Meşəli, Bağanis-Ayrım, Qaradağlı, Ballıqaya, Ağdabanda, digər çoxsaylı ərazilərdə törətdikləri soyqırımların canlı şahidləri, çəkilişlər, fotolar, videokadrlar var. Biz bunları ortaya qoyanda həmin dövlətlərin rəsmilərinin də, beynəlxalq qurumların təmsilçilərinin də gözləri sanki kor, qulaqları kar olur. Heç bir reaksiya yoxdur. Bu illər ərzində həmin faktlarla bağlı bir dəfə də olsun ermənilərə irad tutan olmayıb. Amma 5-6 cinayətkar dığaya görə az qala bütün aləm Azərbaycanın üstünə qalxır, ölkəmizə qarşı şər-böhtan kampaniyası aparılır. Amma həmin qurumlardan 4 min nəfərimizin taleyi ilə maraqlanan yoxdur, di gəl erməni əsirlərin azad olunması üçün dəridən-qabıqdan çıxırlar. Bu, haqsızlıq, ədalətsizlik, tərəfkeşlikdir.

- Ermənilər vaxtaşırı tamaşalar hazırlayıb, dövriyyəyə buraxırlar ki, guya Azərbaycan hərbçiləri erməni əsirlərə qarşı zorakılıq edib. Lakin ermənilərin əsir və girovlara qarşı necə dəhşətli cinayətlər törətdikləri barədə çoxsaylı faktlar var. Belə görünür ki, artıq şikayətlənməkdən keçib, biz konkret hansı addımları atmalıyıq ki, beynəlxalq aləm hərəkətə gəlsin, səsimizə səs versin, yaxud heç olmasa Azərbaycana təzyiqlərə son versinlər?

- Elə 13 sentyabrda ermənilərin törətdiyi təxribatlar zamanı əsir düşən erməni hərbçinin yarasını sarıyan Azərbaycan əsgəri deyildimi? Həmin erməni əsgəri özü etiraf etdi ki, məni Azərbaycan hərbçisi xilas etdi. Başqalarını demirəm, axı biz Xocalı sakinləri vəhşi səhnələrin şahidi olmuşuq. Girovluqdan azad edilmiş minlərlə xocalılının ifadəsi var, bizim insanların başına nə oyunlar açıblar, hansı işgəncələr veriblər. Adamın bir ayağını bir maşının, digərini başqa maşının arxasına bağlayıb, əks tərəflərə sürüblər, param-parça ediblər. Hamilə qadınların başına nə oyun açıblar, insanları necə təhqir ediblər. Axı bu faktların hamısı var və murdar beynəlxalq qurumlara təqdim olunur. Reaksiya varmı? Yoxdur. Soruşursunuz ki, neyləmək lazımdır? Biz güclü olmalıyıq. Təbliğat maşınımız da güclü işləməlidir, ordumuz da, iqtisadiyyatımız da, dövlətçiliyimiz də güclü olmalıdır. Birliyimiz də daha güclü olmalıdır ki, bütün bu hücumların qarşısında tab gətirə bilək. Görürük ki, dünya haqq-ədalətlə, beynəlxalq hüquqla idarə olunmur, haqsızlıqla, ədalətsizliklə, zorla idarə olunur.

- Sizə elə gəlmir ki, bu faktları bir çox hallarda özümüz deyib, özümüz eşidirik? Erməni cinayətlərini dünyanın aparıcı dillərinə çevirib, davamlı şəkildə yaymağımıza nə mane olur?

- Bu işlər ən yüksək səviyyədə görülür. Elə sizin təmsil olunduğunuz media qrupu çox yüksək səviyyədə bu məsələyə diqqət ayırır. Çox sağ olun, var olun! Azərbaycan mediasının, sizlərin bugünkü fəaliyyəti düşmənə cavabdır. Amma hələ azdır. Ermənilərin təmiz Azərbaycan dilində nə qədər saytları fəaliyyət göstərir. Bəzən sosial şəbəkə istifadəçiləri bunu bilmədən ermənilərin şər-böhtan xarakterli informasiyalarına inanırlar, hətta onu tirajlayırlar.

- Bəli, vacib məsələyə toxundunuz. Hətta Ermənistanda Azərbaycan dilinin öyrənilməsinə diqqət artırılıb...

- Orta məktəblərdə Azərbaycan dilini tədris edirlər. Azərbaycanda da müxtəlif qurumlarda peşəkarlar var ki, onlar düşmənin dilini də mükəmməl bilirlər. Bu sahədə bizim ölkəmizdə də lazımi işlər aparılır.

- Azərbaycan faktiki olaraq daha bir missiyanı təkbaşına öz üzərinə götürüb və icra edir. 4 min nəfər vətəndaşımızın taleyi ilə bağlı çoxsaylı çağırışlara məhəl qoyulmayandan sonra Azərbaycan əsgəri erməni terrorçularından təmizlənən ərazilərimizdə həmin əsir, itkin düşənlərimizlə bağlı da faktları aşkarlayır. Bu prosesin Xocalı və digər ərazilərdə gecikdirilmədən davam etdirilməsi zərurətini də ortaya çıxarır, çünki ermənilər beynəlxalq tribunal qarşısında nə zamansa cavab verməməkdən ötrü Qarabağda törətdikləri insanlıq əleyhinə vəhşilikləri, müharibə cinayətlərini gizlətmək istəyirlər sözsüz ki... Razılaşırsınızmı bu fikirlərlə?

- Çox düz vurğulayırsınız. Görürsünüz, kütləvi məzarlıq aşkar olunan kimi müvafiq qurumların təmsilçiləri gedib baxdılar, hərbi attaşelərin Edilliyə səfəri təşkil olundu. Həmin qalıqlar gətiriləcək və onlarla bağlı araşdırmalar davam etdiriləcək. Yenə təkrar edirəm ki, kütləvi məzarlıqların çoxu ermənilərlə rusların nəzarətində olan ərazilərdədir. Türk qanına susayan erməni iti Zori Balayanın, həmçinin yazıçı-jurnalist David Xerdiyanın yazdıqlarını oxumusunuz. Erməni jurnalist yazırdı ki, ölülərin üstü ilə getmək istəməyib. Bunu görən polkovnik-leytenant Ohanyan ona işarə edib ki, qorxmasın. “Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim” - yazırdı. Meyitlərin yandırıldığı, quyular qazılaraq basdırıldığından bəhs olunub. Bunlar hamısı Xocalı ətrafında baş verib. İnşallah, biz o əraziləri də düşməndən təmizləyəndən sonra ermənilərin vəhşiliklərini təsdiq edən hələ çox faktlar üzə çıxacaq.

- Amma ərazilərin təmizlənməsi prosesinin uzanması halında ermənilər həmin kütləvi məzarlıqların izini itirə bilərlər, elə deyilmi?

- Düz deyirsiniz, artıq ermənilər görürlər ki, azad olunmuş ərazilərdə belə faktlar aşkara çıxır... Bu, erməni bicliyi, erməni murdarlığıdır, onlar bilirlər harada nə var... Odur ki, həmin kütləvi məzarlıqları yox edə bilərlər, çox düz buyurursunuz.  

- Necə bilirsiniz, bu faktlarla bağlı Rusiya hərbi kontingentinin rəhbərliyinə Azərbaycan tərəfdən müraciət oluna, yaxud onların qarşısında tələblər qoyula bilərmi?

- Bunlara bütün məsələlərlə bağlı müraciət olunur. Ancaq çox təəssüf ki, Azərbaycan torpaqlarına ayaq basdıqları gündən bunlar separatçılarla, cinayətkarlarla, işğalçılarla əməkdaşlıq edirlər, bunların mərkəzdən aldıqları tapşırıqları budur.

- Bu əməkdaşlıq davam edir, təkcə Laçın istiqamətində 1500-dək 2021-ci il Ermənistan istehsalı olan mina aşkarlanması bunun sübutdur, elə deyilmi?

- Bəli, kor idi bu rus hərbçisi, mina konfet idi erməni cibinə qoyub gətirə?! Cənab Prezident də bu rəqəmi səsləndirdi, təkcə Laçın və Şuşa arasında 1400-dən artıq mina aşkarlanıb. Bunlar rus hərbçilərin köməyi ilə gətirilib və onların gözü qarşısında basdırılıb. Özü də 2021-ci il Ermənistan istehsalı olan minalar. Bəs adını “sülhməramlı” qoyan cinayətkarlar hara baxırlar? Bütün bunlar onların razılığı ilə olub.

- Elman bəy, siz də həmin hadisələr zamanı çoxlu sayda yaxınlarınızı itirmisiniz. Allah rəhmət eləsin və sizə səbir versin! Yəqin ki, onların arasında itkin düşənlər də var...

- Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Mənim 62 yaşında anam, ahıl yaşında nənəm, çoxsaylı qohum-əqrəbam, sayları 30-dan çoxdur... Qayınatam, qayınanam, iki qaynım, bir baldızım, iki bacanağım, qayınlarımın və baldızlarımın 5 körpə uşağı... Bir gecənin içərisində bizim 30 nəfərdən çox ailə üzvümüz şəhid olub. Anamın qəbri Şəhidlər Xiyabanındadır. Amma itkin düşənlərimiz də var. 15 yaşlı qohumum, onun atası, digərləri...  

- Yəqin siz də aşkarlanan məzarlıqlardakı qalıqların kimlərə məxsus olduğu barədə araşdırmaların nəticəsini gözləyirsiniz, eləmi?

- 44 günlük müharibədən sonra cənab Prezidentimizin tapşırığı ilə müvafiq qurumların təmsilçiləri siyahıda nə qədər ki, itkinlər var, hamısının ailələrində olublar. Fərruxda kütləvi məzarlıqlar tapılandan sonra ailə üzvlərindən qan analizi də götürüldü, DNT analizləri üçün. Birinci Qarabağ müharibəsində Edilli ətrafında hansı hərbi hissələr, hansı yerli batalyonların olması, orada kimlərin olduğu aydınlaşdırılacaq, götürülən analizlər əsasında ailələr müəyyənləşdiriləcək. Bir müddət öncə tapılan qalıqlardan ikisinin şəxsiyyəti dəqiqləşdirilmişdi. Yəni bu işlər görülür.

- Ən mühümü odur ki, qalıqların aşkarlanması ilə bağlı proses sürətləndikcə, ailələrin gözləri yollardan yığılır, heç olmasa təskinlik olur, elə deyilmi?

- Təbii. Xocalı soyqırımından 31 il keçir. O vaxt yaşlı insanlarımız itkin düşüb ki, onların sağ qalması mümkün deyil. Amma gənc və orta yaşlılar olub ki, onların yaşadığına hələ də ümid var. Sizə bir fakt deyim: Xocalı soyqırımından sonra bizim iki əsirimiz azad olundu, qayıtdı, 6 aydan sonra. Onları Gorus yaxınlığındakı bir fermada saxlayıb, istismar edirmişlər, qul əməyi kimi. Möcüzə nəticəsində onlar azad olundu, gəldi. Yəni bu gün də kimlərinsə sağ qayıdacağına ümidlər var. İkinci Dünya müharibəsindən 15-20, 30 il keçəndən sonra da sağ qayıdanlar oldu. Biz də ümidlə gözləyirik...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top