Qurban Qurbanov: "Baş məşqçi dəyişikliyi məni ən çox narahat edən məqamlardan biridir"

İDMAN 05 okt 2022, 12:00
"Futbolçuların üzərinə çox böyük məsuliyyət və güc düşəcək".

Demokrat.az-ın məlumatına bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Olimpiakos"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün Yunanıstana səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis səfər görüşündə qələbə qazanmaq istədiklərini bildirib: "Hər şeyi nəzərə almaq lazımdır. Rəqib komandada qrupdakı iki məğlubiyyətdən sonra dərhal baş məşqçi dəyişikliyi olub. Bu matça da ciddi hazırlaşıblar. Baş məşqçi dəyişikliyi məni ən çox narahat edən məqamlardan biridir. Dəfələrlə belə hallar yaşanıb. Hər şeyin qaydasında olmasını istəyirik. Rəqib bizi daha yaxşı tanıyır. Hər halda, bütün bunlar bizə təcrübə verir. Daha diqqətli və istəkli olmağa çalışacağıq. Belə qarşılaşmalarda bəzi detallara diqqət ayırmalıyıq. Hansı ki hazırda bunları bilmirik və oyun vaxtı görəcəyik".

"Bəzən proqramda dəyişiklik olur. Hazırlaşmaq üçün vaxtımız az idi. Buna görə əsas məşqlərimizi Bakıda etmək istədik. Hazırlıqlar pis keçməyib, futbolçuların durumu da əvvəlki günlərə nisbətən daha yaxşıdır. "Olimpiakos"a yeni rəqib deyə bilərəm. Çünki son qarşılaşmada yeni baş məşqçinin rəhbərliyi altında fərqli oyun sərgilədilər. Yunanıstana yaxşı oyun göstərmək üçün gedirik. Komandada da hər şey qaydasındadır" - deyə Qurbanov qeyd edib.

Xatırladaq ki, "Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Həsən
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top