Müşfiq Məmmədli: “Suqovuşanın azad edilməsi psixoloji baryerin qırılması demək idi”

DAXİLİ SİYASƏT 03 okt 2022, 17:44
“Suqovuşanın azad edilməsinin həm strateji, həm də psixoloji baxımdan mühüm əhəmiyyəti var. Belə ki, Suqovuşanın azad olunması Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verdi. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün Ordumuza böyük psixoloji üstünlük yaratdı. Yəni, 44 günlük müharibədə bizim sonrakı qələbələrimizin sanki müjdəçisi oldu”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputata qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu çox böyük şücaətlər göstərmişlər:

“Suqovuşan ərazisi çox çətin relyef şəraitinə malikdir, çünki ətraf dağlarla əhatə olunub.  İkinci Qarabağ savaşında Azərbaycan ordusunun qəhrəman əsgərləri həmin o yamaclara, ətraf zirvələrə, yuxarıda olan düşmən postlarına doğru istiqamət götürərək, demək olar ki, keçilməsi mümkün olmayan əraziləri keçmiş və həmin o postları almışdır. Suqovuşan alındıqdan sonra üstün mövqelərdə olan düşmənin atəş nöqtələri də susdurulmuşdur. Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləyişi üçün böyük əhəmiyyət daşıdı. Bu, çox uğurlu nəticə idi. Ümumiyyətlə, Suqovuşanın azad olunması əhval-ruhiyyənin artmasına, ruh yüksəkliyinin artmasını, eyni zamanda qələbəyə olan inamın daha da yüksəlməsinə səbəb oldu. Yəni, Suqovuşanın azad edilməsi psixoloji baryerin qırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top