“Turbo.az” və “bina.az”ın milyarder sahibi Qazaxıstanda "Ən yaxşı şirkət rəhbəri" seçildi

BİZNES 30 sen 2022, 12:52
Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadze Qazaxıstanın "Ən yaxşı şirkət lideri" müsabiqəsinin qaliblərindən biri olub.

Demokrat.az
xəbər verir ki, Qazaxıstan İnkişaf Forumu hər il fərqli nominasiyalarda iş adamlarını mükafatlandırır. Mixail Lomtadze “Ən yaxşı müştəri təcrübəsi” nominasiyasının qalibi olub.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.

Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb. “Forbes”in 2021-ci ildə (may) açıqladığı məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 3,2 milyard dollar sərvəti olub.

Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir.

Lakin, bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS" MMC (VÖEN-1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir. /yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top