“Şəhid ailələri, qazilər hətta mənim telefonuma belə birbaşa zəng vururlar” — Deputat

GÜNDƏM 28 sen 2022, 19:52
“Bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına həm maddi, həm də mənəvi dəstək var. Mən Lənkəranda ayda ən azı iki dəfə onlarla görüşürəm və problemlərinə dəstək olmağa çalışıram. Amma, itki itkidir! O, itkini heç kim və heç nə əvəz edə bilməz! Bu insanların ürəkləri və qəlbləri kədər içindədir. Bala, oğul, qardaş, həyat yoldaşı itirmək həqiqətən də, çox ağır itkidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Millət vəkili vurğulayıb ki, həmin vətəndaşların problemlərinin həlli üçün məmurlara da müraciət edib:

“Təbii ki, edilən müraciətlər də qəbul olunur, gərək adam haqqını desin. Bugünədək Lənkəranda qazilərin bir çox məsələləri həll olunub. Ümumiyyətlə, onlar üçün ən böyük problem işlə təmin olunmaqdır, özü də ələlxüsus regionlarda. Bununla bağlı müraciətlər olur. Ümumiyyətlə, bu şəxslərə elə iş verilməlidir ki, bunu bacarsınlar. Sosial müavinətlər, köməklər öz yerində, amma bu insanlar işləməlidir ki, başları qarışsın. Burada isə mən həll yolunu özünəməşğulluqda görürəm. Düzdür, o proqram işləyir, amma biz onu sürətlə qaldıra bilsəydik, daha yaxşı olardı. Vətən müharibəsi iştirakçısından soruşulur ki, hansı işi yaxşı bilirsən? Məsələn, yaxşı dülgər, bənna ola bilərlər, kənd təsərrüfatı ilə məşğul ola bilərlər. Xırda sexin açılması ilə əlaqədar dövlət tərəfindən qeyri-maliyyə aktivləri verilir. Yəni, avadanlıqdır, yerdir, tikintidir, cihazlardır. Bu, daha maraqlı olardı. Deyərdim ki, hardasa 90-95 faiz bu insanların problemləri tam həll olunub. İnanıram ki, yerdə qalan 5-7 faiz bu problemlər də tezliklə həll olunacaq. Bunlarla bütün millət vəkilləri daima məşğuldur. Hətta mənim öz telefonuma belə, onlar birbaşa zəng vururlar. Lazım olanda mənim köməkçim, Bəxtiyar müəllim hüquqşünasdır, o da onlara məsləhətlərini verir, ərizələrini yazır. Bizdə Lənkəranda qərargah var, kim istəsə, gəlib ora da müraciət edə bilərlər. Möhtərəm Cənab Prezident tapşırıq verib və çalışırıq ki, imkan daxilində məsələləri həll edək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top