Məktəblilərə narkotik satan qadına CƏZA VERİLDİ

KRİMİNAL 23 sen 2022, 17:54
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda ittiham olunan Göyçək Əliməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. 

Daha sonra ittiham nitqi ilə çıxış edən prokuror Göyçək Əliməmədovanın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Bundan sonra çıxış edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, müdafiə etdiyi şəxs narkotik satıcısı olmayıb və narkotik istifadəçisi olub. Vəkil müdafiə etdiyi şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib.

Daha sonra son söz deyən təqsirləndirilən şəxs deyib ki, uşaqlıqdan atasız-anasız böyüyüb. Onun sözlərinə görə, heç bir azyaşlıya narkotik saymayıb və satmaq niyyəti də olmayıb. Narkotik istifadəçisi olduğunu deyən təqsirləndirilən şəxs bu əməlinə görə də peşman olduğunu söyləyib. 

Daha sonra hakim heyəti hökm elan etmək üçün müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakim heyəti Göyçək Əliməmmədovanın barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası elan ediblər.

Qeyd edək ki, Göyçək Əliməmmədova ötən ilin noyabrın 27-də həbs olunub. Onun paytaxtın müxtəlif yerlərində, həmçinin bəzi orta məktəblərin yaxınlığında yetkinlik yaşına çatmayan şəxslərə narkotik vasitə satmaqda şübhəli bilinib. 

İstintaq orqanı tərəfindən Göyçək Əliməmmədovanın barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.

Fariz Məlikli
Bemokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top