Arif Əliyev Azərbaycanı beynəlxalq media tədbirində təmsil edəcək

MEDİA 22 sen 2022, 11:05
“Sentyabrın 28-30-da İspaniyada Ümumdünya Media Konqresi və Dünya Redaktorlarının Forumu keçirilir. Mən də ora dəvət almışam. Ondan əvvəl isə Ümumdünya Qəzetlər və Xəbər Naşirləri Assosiasiyasında müəyyən görüşlərim olacaq. Odur ki, sentyabr ayının 25-dən oktyabrın 2-nə qədər İspaniyada olacağam”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.  O bildirib ki, bu, dünya mediasının ən böyük tədbirlərindən biridir:

“Həmçinin, televiziya şirkətlərinin rəhbərlərinin belə bir toplantısı var. Bunlar dünyada iki böyük media tədbirləridir. Burada aparıcı kütləvi informasiya vasitələrinin iştirakı gözlənilir. Məsələn, sessiyalarda çıxışlara baxdım orada "Vaşinqton Post", "Röyters"in, "Nyu-York Tayms"ın, Avropa ölkələrində bir çox kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edəcək. Onların müxtəlif mövzularda bir çox çıxışları da gözlənilir. Mənim bildiyimə görə, birinci dəfədir ki, Azərbaycanın nümayəndəsi belə bir yüksək səviyyəli media tədbirinə dəvət olunub. Orada mənə çıxış da təklif ediblər və bir çıxışım olacaq. Ancaq bu cür tədbirdə problemlər ölkələr üzrə müzakirə olunmur. Mənə təklif olunan mövzu əsasən auditoriyaların genişləndirilməsi, auditoriyaya çıxış imkanları ilə əlaqədardır. Hər halda düşünürəm ki, bizim üçün çox mühüm və müəyyən şanslar verə biləcək bir tədbirdir. İnşallah, qayıdandan sonra bu barədə ətraflı söhbət edə biləcəyik”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top