“Ukraynada bəzi media qurumları və şəxslər sərhəd toqquşmalarında haqqı qoyub, nahaqı müdafiə edirlər” — Baş redaktor

MEDİA 19 sen 2022, 18:36
“Ukrayna mediasında Azərbaycana qarşı təəccüb və təəssüf doğuran qərəz hiss olunur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Bizim media” informasiya portalının baş redaktoru Anar Tahirov deyib.

Baş redaktor əlavə edib ki, bu qeyri-obyektiv tendensiyaya hər hansı dəqiq səbəb göstərmək çətindir:

“Çünki nə dövlətimiz, nə xalqımız, nə də mediamız Ukraynaya qarşı oxşar davranışı sərgiləyib. Biz, Ukraynanın üzləşdiyi bu ağır durumda daim onlara dəstəyimizi tək rəsmi səviyyədə açıqlamalarla nümayiş etdirməmişik. Eyni zamanda Ukraynaya dəyəri 10 milyonlarla dollarla ölçülən humanitar yardımlar edilib. Bundan əlavə, Ukrayna səfirliyi qarşısındakı dəstək aksiyası, xalqın topladığı yardımlar da unudulmamalıdır”.

“Əvəzində, Ukraynada bəzi media qurumları və şəxslər sərhəd toqquşmalarında haqqı qoyub, nahaqı müdafiə edirlər. Bir neçə gün öncə Maks Barskix adlı müğənni də guya Azərbaycanı “təcavüzkar” adlandırıb, erməniləri “məsum” göstərdi, üstəlik bunu əlində bayraq edib Bakı konsertini ləğv etdi. Lakin istənilən halda bu cür subyektlərin fikirlərini Ukraynanın rəsmi mövqeyi kimi qiymətləndirməyi doğru hesab etmirəm. Çünki Kiyev rəsmilərindən bu yöndə nə bir açıqlama, nə də üstüörtülü mesaj eşitməmişik”.

“Onu da əlavə edim ki, biz də sözügedən məsələdən narahatlığımızı ifadə etmək üçün Ukrayna səfirliyinə məktub ünvanlamışıq. Lakin hələlik müraciətimizə cavab gəlməyib. Ümid edir və inanıram ki, Ukraynada Azərbaycanın haqq savaşını dəstəkləyənlərin sayı, bu cür “doğrunu oğrunun ayağına verənlər”dən daha çoxdur”, - deyə sonda A.Tahirov qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top