“Yeni media ilə bağlı praktik problemləri gənc nəsil daha yaxşı görür“ — Vüqar Zifəroğlu

MEDİA 09 sen 2022, 16:00
“Bu gün bizim Azərbaycan jurnalistikasında kifayət qədər imzası olan, kifayət qədər özünü təsdiq etmiş yazarlarımız var. Təbii ki, onlar da bizim gənc jurnalistlərin səsidir. Bu mənada gənclərimizin də Azərbaycan jurnalistlərinin VIII qurultayında təmsil olunması çox gözəl olardı”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakülitəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu deyib. 

“Burada bir məqamı da qeyd etməyi əslində vacib bilirəm. Əsasən yeni media texnologiyalarından gənc və orta nəsil daha çox istifadə edir. Bu mənada əslində yeni media ilə bağlı praktik problemləri də onlar daha artıq dərəcədə görürlər. Bu mənada əlbəttə ki, mən gənc nəslin Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirakı istərdim və buna müsbət baxıram, hətta gənclərimizin də olması çox yaxşı olardı”.

Onun sözlərinə görə, jurnalistikamızda xanımların da önə çəkilməsi istiqamətində mühüm addımların atılması vacibdir:

“Azərbaycan jurnalistikasında hər zaman xanımların özünəməxsus yeri və rolu olub. Hətta, mətbuat tariximizdə belə biz bunun örnəklərini göstərə bilərik. Bizim gözəl xanım ədiblərimiz, publisistlərimiz olub. Bu mənada, birmənalı şəkildə xanımlarımızın da qurultayda təmsil olunması şübhəsiz ki, yalnız müsbət olardı. Yəni, öz müsbət töhfələrini vermiş olardı. Hətta, xanım yazarlarımız da burada təmsil olunmalıdır”.

Qeyd edək ki, Mətbuat Şurasının İdarə Heyətinin 2022-ci ilin 6 sentyabr tarixli iclasında Şuranın Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi qərara alınıb, bunun üçün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top