“Niyə kiminsə gözünə soxursan ki, mən qaziyəm?!” — Kamil Zeynallı əsəbləşdi

SOSİAL 08 sen 2022, 16:07
Köynəyinə “çəkilin, qazi gəlir” sözlərini yazdıran gənc sosial şəbəkələrdə gündəmə çevrilib. Bir çoxları onu qınayır, digərləri isə haqq qazandırır.

Ümumiyyətlə, hər fürsətdə qazi adından istifadə etmək nə dərəcədə doğrudur? 

Şəhid ailələrinə və müharibə əlillərinin etdiyi təmənnasız yardımlarla məşhurlaşan tanınmış fitness məşqçisi Kamil Zeynallı mövzuya münasibət bildirib.

O,bu cür hərəkətlərin yolverilməz olduğunu deyib:

“Tanıdığım çox qazi var. Hər biri Vətən xatirinə, torpaq xatirinə, Azərbaycanın gələcəyi xatirinə vuruşan qardaşlarımızdır. Şəxsi mənfəət güdən kəs dostumuz deyil. Bunu qoyaq bir kənara. Sonradan dostlaşdığım qazi dostlarımdan danışım. Qazi kimi tanıyıb sonradan dost olduqlarıma qazi kimi yox, dost-qardaş kimi baxıram.

İki ayağı olmayan, bir ayağı olmayan, bir gözü olmayan və bir qolu olmayan qazilər heç qazi adından istifadə etmir. Onların ideologiyası “nə ediriksə, öz gücümüzə edək”dir. Polad qardaşımız var, iki ayağı yoxdur. Polada deyirəm ki, gəl zalda məşq et. Cavabında deyir ki, “Bir şərtlə gələrəm ki, zalın ödənişini edəcəm, yoxsa gəlməyəcəm”.

Kamil Zeynallı qeyd edib ki, maşının arxasına, köynəyinə qazi yazdırmaq artıq hərəkətlərdir:

“Belə hərəkətlərə xoş baxmıram. Həmin hərəkəti nə döyüşçüyə, nə də qaziyə yaraşdırıram. Kişilik, igidlik etmisən, kişi kimi vuruşmusan. Bu artıq geridə qaldı, gələcəyə baxmaq lazımdır. Etdiyini kiminsə başına vurmaq nəyə lazımdır? Niyə kiminsə gözünə soxursan ki, mən qaziyəm? Onsuz da bilən biləcək, əsas odur ki, Allah bilir.

Qaldı ki, sosial şəbəkələrdə qazi adından istifadə edib xanımlara yazanlara, bu, yolverilməzdir. Öz adından yaz, niyə qazi adı ilə özünə xal toplayırsan? Qazi adından istifadə edənlərə cəmiyyətimiz yaxşı baxmır. Nəninki cəmiyyətimiz, heç əsl qazilər də yaxşı baxmır. Kişi kimi vuruşub qolunu-qıçını itirənlər belə onları qınayırlar ki, qazi adını niyə bayraq kimi əlinizdə yelləyirsiniz?” /Yenisabah.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top