"Yeni Ailə" MMC-nin əlində oyuncaq olmuşam ... — İDDİA

SOSİAL 06 sen 2022, 19:30
Vətəndaş Fəridə İsayev "Yeni Ailə" MMC-dən şikayətçi olduğunu bildirib. Vətəndaş açıqlamasında iddia edir ki,  “Yeni Ailə” MMC tikinti şirkəti Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində olan ona məxsus mülkiyyəti söküb. Vətəndaş 4 ilə yaxındır ki, mülkiyyətsiz, evsiz-eşiksiz qaldığını bildirərək, dövlət orqanlarından ona köməklik etmələrini xahiş edib. 

İsayeva Fəridə Qəhrəman qızının dövlət orqanlarına ünvanladığı məktubu olduğu kimi təqdim edirik:

“Bildirirəm ki, “Yeni Ailə” MMC tərəfindən mənim mülkiyyətimə qəsd edilməkdədir. Artıq həmin tikinti şirkətinin mənim konstitusion hüquqlarımı kobud şəkildə pozması məni ölüm həddinə çatdırmışdır. Belə ki, mənim Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəm var idi və əsas gəlirimi həmin obyektləri istifadə etməklə qazanır, ailəmin təminatını qarşılayırdım. 2017-18-ci illərdə isə “Yeni Ailə” MMC əraziyə gələrək binaların pilot layihəyə düşdüyünü və sökülməli olduğunu bildirdi. Təqdim olunan şərtlərlə razı olmayan sakinlərin işıq, su və qaz təminatları dayandırılır, əraziyə giriş-çıxışlarına maneçilik törədilirdi. Mən də bu tip qanunsuz hərəkətlərə görə məcbur qalıb şirkətin təqdim etdiyi şərtlərlə məcburi olaraq razılaşdım. Daha sonra şirkət ilə aramızda 25.01.2018-ci il tarixli notarial müqavilə bağlanıldı. Həmin müqaviləyə əsasən şirkət iki ədəd qeyri-yaşayış sahəsini cavabdeh məndən təhvill almışdır. Əvəzində isə həmin müqaviləyə əsasən tərtib olunmuş akta əsasən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 24 ay müddətində mənə tam təmirli formada təhvil verilməsini öhdəliyi “Yeni Ailə” MMC-nin üzərinə qoyulmuşdur. Həmçinin, müqaviləyə əsasən aylıq 2200 manat da icarə haqqının mənə ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Nəzərinizə çatdırıram ki, müqavilənin bağlanmasından 4 ilə yaxın müddət keçsə də, bugünkü günə kimi həmin qeyri-yaşayış sahəsi mənə təhvil verilməməkdə və aylıq icarə haqqı da ödənilməməkdədir. Yaxın vaxtlarda isə faktla bağlı haqlı iradımı bildirdikdə mənə artıq həmin sahənin başqa şəxslərə satıldığı və mənə sökülən əmlakımın qarşılığında heç bir əmlak verilməyəcəyi deyildi.

Mən isə üzləşdiyim bu qanun pozuntuları ilə əlaqədar məcbur qalıb dövlət orqanlarımıza müraciət edirəm. Mən 66 yaşlı bir Azərbaycan qadınıyam və bu şirkətin əlində oyuncaq olmuşam. İllər əvvəl məni məcbur edib imzalatdırdıqları müqaviləyə belə indi özləri əməl etmirlər. Hazırda da mən öz mülkiyyətimdən məhrum edilmiş vəziyyətdəyəm. Həmin bu şirkət davamlı olaraq özlərinin Nazirlər Kabinetinin qərarlarınının və İcra Hakimiyyətinin sərəncamlarının icraçısı olduqlarını bildirirlər. Lakin qəbul edilmiş qərar və sərəncamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. 

Görünür “Yeni Ailə” MMC və rəhbərliyi həmin bu qərar və sərəncamın hüquqi təbiətini dərk etməmiş və məni belə çıxılmaz bir vəziyyətə salmış, mülkiyyətimə qəsd etmişdir. Hətta bu tikinti şirkəti öz məsuliyyətsizliyini də dövlət və dövlət orqanlarının üzərinə yıxmağa çalışır. Tikinti şirkət rəhbərliyindən əmlakımı tələb etdikdə isə mənə açıq-aşkar tikinti işlərinin yubanmasının səbəbkarının dövlət olduğunu, dövlətin təlimatı ilə sakinlərin əmlaklarını verməmələrini bildirmişdirlər. Sizlərdən xahiş edirəm məni bu tikinti şirkətinin qanunsuz əməllərindən xilas edəsiniz. 

“Yeni Ailə” MMC vətəndaşların ev və obyektlərini sökür, onlarla məcburi müqavilə bağlatdırır və yekunda isə mənim başıma gətirdikləri kimi bir müsibət gətirərək tikdikləri əmlakları da kənar şəxslərə satırlar. Tikinti şirkətlərinin bu tip qanunsuz əməlləri mütləq formada araşdırılmalı və müvafiq cəza tədbirləri
görülməlidir.


Məsələ ilə bağlı “Yeni Ailə” MMC ilə əlaqə saxladıq. Şirkətdən Demokrat.az saytına bildirildi ki, bununla bağlı şirkətdə rəsmi qeydlər və sənədlər var: “Hər bir vətəndaşın şirkətdə imzaladığı müqaviləsi var, neçə kvadratlıq evi var, neçə kvadrat veriləcək və s. hamısı barədə məlumatlar qeyd olunub. Onlar sadəcə istəyirlər ki, binanın hamısına sahib çıxsınlar”.

“Yeni Ailə” MMC-dən həmçinin bildirildi ki, adı çəkilən şəxsin heç bir mənzili yoxdur: “Sizə verilən məlumat səhvdir. Bizi məhkəməyə verib, məsələ hüquqi müstəvidə həll olunacaq. Onun şirkətlə mənzil barəsində heç bir müqaviləsi yoxdur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top