Qobustanda yaşlı kişi həmkəndlisi tərəfindən döyüldü, Bakıda qəzada öldü — TƏFƏRRÜAT

KRİMİNAL 26 avq 2022, 10:43
Qobustan rayonunda 1989-cu il təvəllüdlü Mehti şəxsi münasibətlər zəminində Şakiri döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 18-də, saat 19 radələrində rayonun Nabur kəndi ərazisində yerləşən məscidin yaxınlığında baş verib. 

Orada Mehti həmkəndlisi Şakir ilə mübahisə edib. Mübahisə zamanı yumruqla Şakirin baş nahiyəsinə zərbə vurub. 

İstintaq orqanı tərəfindən Mehtinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehti ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qobustan rayonunun Nabur kəndində yaşayır: “Şakir mənim həmkəndlimdir. Onun xarakterinə görə ondan xoşu gəlməyib, münasibətlərimiz yaxşı olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 18-də, saat təxminən 18 radələrində Qobustan rayonunun Nabur kəndi ərazisində yerləşən məscidin yaxınlığına gələn zaman Şakiri məscidin yaxınlığında dayandığını görüb: “Onlara yaxınlaşan zaman Şakirin kəndin imamı Baratla söhbət etdiyini gördüm. Söhbət zamanı Şakirin qayınatam Qənimətin ünvanına nalayiq söyüşlər söydüyünü eşitdim.. Bundan sonra Şakirə yaxınlaşaraq Qənimətin qayınatam olduğunu, onun ünvanına nalayiq söyüşlər söyməməsini bildirdim. Bunu dedikdən sonra Şakir mənim də ünvanıma nalayiq söyüşlər söyməyə başladı. Ona dəfələrlə irad bildirsəm də, Şakir söyüşlərini davam etdirdi. Bundan sonra oradan uzaqlaşaraq getdi”. 

Cinayət işi üzrə zərərçəkmiş Şakirin hüquqi varisi qismində ifadə verən oğlu ifadə verib. O bildirib ki, 31 atası Şakir bu ilin yanvarın 31-də Binəqədi rayonu ərazisində baş vermiş avtomobil qəzası zamanı aldığı xəsarətlər nəticəsində fevralın 12-də ölüb. 

Hüquqi varis qeyd edib ki, 19 noyabr 2021-ci ildə atası Şakir ona zəng vurib və noyabrın 18-də Nabur kənd məscidinin yaxınlığında olan zaman iki nəfər şəxsin onu döydüyünü deyib: “Sonra atam Şakir ilə əlaqə saxladıqda, Mehti adlı şəxsin onu döyməsini bildirdi. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Daha sonra atamın yanına kəndə gəldim və söhbət edəndən sonra mənə məlum oldu ki, noyabrın 18-də atam Şakir Qobustan rayonunun Nabur kənd məscidinin yaxınlığında Baratla birlikdə olan zaman təqsirləndirilən şəxs onların yanına gəlib, bundan sonra aralarında mübahisə yaranıb, mübahisə zamanı Mehti yumruqla atamın baş nahiyəsinə vurub”.

Hüquqi varis ifadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayəti olmadığını, onunla barışdığını bildirib.

Qobustan rayon Məhkəməsi hökm çıxaran zaman onların barışmasını, hüquqi varisin təqsirləndirilən şəxsdən şikayətçi olmadığın nəzərə alıb. 

Məhkəmə Mehtinin barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top