Oktyabrda Bakıda bal yarmarkası keçiriləcək

AQRAR-SƏNAYE KOMPLEKSİ 22 avq 2022, 16:18
Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Bu barədə Demokrat.az-a nazirlikdən bildirilib.

Məlumata görə, yarmarka paytaxtın Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək.

Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edə biləcəklər. Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-a qədər qeydiyyatdan keçməlidir. Qeydiyyatı təsdiqlənmiş arıçılara 5 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.

Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Builki Bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçı iştirak edəcək. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir.

Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün AQTA əməkdaşları istehsalçının iştirakı ilə nümunələr götürəcək. Yarmarkada satışına icazə veriləcək arıçılıq nümunələrinin diastaza ədədi DÜST standartlarına uyğun müəyyən olunacaq. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 okt 2022, 09:33
02 okt 2022, 08:04
Top