XİN-də Küveyt səfiri ilə görüş

XARİCİ SİYASƏT 19 avq 2022, 22:04
"Dost və qardaş Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq".

Demokrat.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu Küveyt Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Abdullah Məhəmməd Almauidi Azərbaycanın XİN başçısının müavini Elnur Məmmədov tərəfindən qəbul olunarkən deyib.

E.Məmmədov səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Küveytin ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir müavini, ölkələr arasında beynəlxalq təsisatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı (İƏT), BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib.

Nazir müavini ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin, eləcə də parlamentlərarası əlaqələrin məxsusi rolunu vurğulayıb. O, iqtisadi sahədə əməkdaşlığa toxunaraq, son dövrlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müşahidə olunan artımın sevindirici hal olduğunu bildirib, bu istiqamətdə münasibətlərin inkişafı üçün Hökumətlərarası Birgə Komissiyanın əlverişli mexanizm olduğunu diqqətə çatdırıb.

Nazir müavini, həmçinin Vətən Müharibəsi və ərazilərimizin işğaldan azad olunması barədə həmsöhbətini məlumatlandıraraq, hazırda azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə danışıb.

Öz növbəsində, səfir A.Almauid qəbula görə təşəkkürünü bildirib. O, dost və qardaş Azərbaycan ilə münasibətlərin bütün sahələrində, o cümlədən siyasət, iqtisadiyyat, ticarət və turizm sahələrində inkişafında maraqlı olduqlarını qeyd edərək, fəaliyyət dövrü ərzində ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüşün sonunda səfir etimadnaməsinin surətini xarici işlər nazirinin müavininə təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top