Brüssel müzakirələri: Qriqoryan Hacıyevin qarşısına əli ətəyindən uzun gəlib...— Taleh Şahsuvarlı

SİYASƏT 19 avq 2022, 21:11
Əsas müzakirə mövzusu Zəngəzur dəhlizidir

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Əgər düz xatırlayıramsa, əvvəlki görüş may ayının əvvəllərində baş tutmuşdu və bundan sonra "Brüssel prosesi" ertələnmişdi. Bu da təsadüfi deyildi. Çünki Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınırdı.

İyun və iyul aylarında Ermənistanın öhdəliklərini yerinə yetirmək, məsələn, Laçını şəhərini boşaltmaq yönündə addımlar atmaq əvəzinə destruktiv mövqe tutması onunla nəticələndi ki, prezident Əliyev İrəvana xəbərdarlıq etməli oldu.

Eyni zamanda, avqustun əvvəllərində "Qırxqız" yüksəkliyini tutmaq istəyən düşmənə qarşı əks-hücum əməliyyatı keçirildi.

Avqustun 3-də, yəni "Qisas" əməliyyatları gedən saatlarda Armen Qriqoryan "Üçtərəfli Bəyanat"ı tamamilə yanlış şəkildə şərh edir, yeni Laçın yoluna keçməyəcəklərini, Laçın şəhərini və Zabuxu boşaltmayacaqlarını söyləyirdi.

Elə bu səbəbdən də asanlıqla vurğulamaq olar ki, Armen Qriqoryan Brüsseldə Hikmət Hacıyevin qarşısına "əli ətəyindən uzun" gəlib. O sadə səbəbə görə ki, "Qisas" əməliyyatından sonra Ermənistan üzərinə düşəni etməyə söz verib.




Masada nələr müzakirə oluna bilər?

Heç şübhəsiz ki, Laçın şəhərinin və Zabuxun boşaldılması, yeni yola keçidlə bağlı "texniki müzakirə" olacaq. Eyni zamanda artıq Azərbaycanda həm məxfi, həm də açıq məlumatlar var ki, Laçında boşaldılmalı ərazilərə müəyyən qədər terrorçu qrupları yığılıb, evləri, meşələri yandırırlar. Azərbaycan Hikmət Hacıyevin timsalında bununla bağlı Ermənistana qəti xəbərdarlıq edəcək, "özünüzü yığışdırın" deyəcək.

Ancaq əsas müzakirə mövzusunun Azərbaycan-Ermənistan münasibətləri olduğunu düşünmək daha doğrudur. Çünki prezident Əliyev açıq şəkildə vurğulayıb ki, Ermənistanla aparılan danışıqlarda Qarabağ məsələsi gündəm maddəsi deyil. Bu məsələ bitib.

Əgər xatırlayırsınızsa, prezident Əliyev Ermənistanı sərhədlərin demarkasiya və delimitasiyası prosesini gecikdirməkdə ittiham etmişdi. Heç şübhəsiz, Hikmət Hacıyev Ermənistan nümayəndəsinə Azərbaycanın bu narazılığını da ifadə edəcək.

Nəhayət və ən başlıca məsələ budur ki, Azərbaycan Ermənistandan Zəngəzur dəhlizinin açılması ilə bağlı təqvim istəyir. Prezident bu barədə ictimaiyyətə məlumat verib və İrəvana öz mesajını çatdırıb. Əgər Ermənistan yanlış mövqeyini düzəltmək istəsə, - başqa əlacı da yoxdur- Hacıyev Brüsseldən Zəngəzur dəhlizi ilə bağlı ilkin razılaşma mətni gətirəcək.

Əks halda, Ermənistana daha bir cəza verməli olacağıq.

Prezident Əliyevin Moskvada Vladimir Putinin təşkilatçılığı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Bu görüş öncəsi Azərbaycanın mövqeyinin Qərbə çatdırılması və eyni zamanda, Ermənistanın tükənən nəbzinin yoxlanılması rəsmi Bakı üçün olduqca vacib idi.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top