Elçin Mirzəbəyli: “Rusiya-Ukrayna münasibətlərində yumşalmaların əmələ gəlməsi mümkündür”

GÜNDƏM 18 avq 2022, 14:43
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş Ukraynaya gediblər.
 
Məsələni Demokrat.az-a şərh edən siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, BMT-nin baş katibi A.Quterreş Türkiyənin taxıl böhranında oynadığı rolu yüksək qiymətləndirir və bu prosesdə Türkiyənin aktiv rolunun davam etməsinin tərəfdarıdır:

“Bu aspektdən düşünürəm ki, səfər ilk növbədə məhz ərzaq böhranının aradan qaldırılması ilə bağlıdır. Çünki BMT-nin qarşısında dayanan indiki əsas hədəflərdən biri taxıl böhranının baş verməməsi ilə əlaqədardır. Səfərin də bu kontekstdə həyata keçiriləcəyini düşünürəm. Şübhəsiz ki, sülh və əmin-amanlıqla bağlı mesajlar da verilə bilər və bu mesajların davamı olaraq da, Rusiya-Ukrayna münasibətlərində müəyyən qədər yumşalmaların əmələ gəlməsi də mümkündür. Bu, ehtimal var. Hətta, düşünürəm ki, bütövlükdə taxıl böhranının həlli istiqamətində həyata keçirilən tədbirlərin, atılan addımların, irəli sürülən təşəbbüslərin bir platforma kimi gələcəkdə Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsində də müəyyən qədər rol alacağı mümkündür“.

E.Mirzəbəyli səfərin Ərdoğanın gələnilki prezident seçkisi öncəsində reytinqinə müsbət təsir edib-etməyəcəyinə dair də fikirlərini bölüşüb: 

“Bütövlükdə, bu, qlobal miqyasda Türkiyənin mövqelərini möhkəmləndirir. Konkret fərd kimi məsələyə yanaşmayaq. Amma, indiki şəraitdə Türkiyədə gələcəkdə keçiriləcək seçkilərə, xüsusilə də, bir azərbaycanlı kimi münasibət bəsləsək, təbii ki, R.T.Ərdoğanın prezidentliyinin davam etməsi Türkiyənin qlobal miqyasda mövqelərinin artırılması baxımında mühüm əhəmiyyət kəsb etdiyinin qənaətindəyəm. Təbii ki, Türkiyə seçicisinin bunu necə dəyərləndirəcəyini zaman göstərəcək. Amma, qənaətimə görə, qiymətləndirmənin seçkidən bir neçə ay öncə aparılması daha doğru olardı. Bugünkü kontekstdən yanaşanda, həmçinin də, Türkiyə prezidentinin manevr imkanlarının kifayət qədər geniş olduğunu, beynəlxalq nüfuzunun yüksək olduğunu nəzərə alanda, onun 2023-cü ilin seçkilərində qalib gəlməsi üçün ciddi problemlərin olmayacağı qənaətindəyəm”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top