Tahir Kərimli: “Əxlaqsızlıq tüğyan etməyə başlayanda lokallaşdırmalı idik, meşə bir kibritlə yanır...”

GÜNDƏM 17 avq 2022, 13:42
“Fövqəladə Hallar Nazirliyində baş vermiş bu olay həqiqətən çox narahatedici, biabırçı bir haldır. Olanla, ölümə çarə yoxdur. Olub artıq... Amma olmamalı idi. Bu hadisə baş verməməli idi. Neçə illər üstü bağlı qalmışdı, bəlkə də, belə daha məsləhətli idi. Videonu yaymaqdansa, aidiyyəti rəhbərliyə, müvafiq orqanlara təqdim etməklə bu halı aradan qadıra bilərdilər. Həmin əməkdaşlar cəzalandırıla, işdən çıxarılardı. Onda cəmiyyətdə də bu qədər çox səs-küy yaratmazdı. Məsələn, 30 il bundan əvvəl qapalı məhkəmə iclasında baxılan şeyi hələ indiyə kimi dilimə gətirməmişəm. Elə şeylər var ki, açılsa, sensasiya xatirinə sosial şəbəkələrdə yayılır, mətbuatda işıqlandırılır. Axı bu, cəmiyyətimizi tamam dəyişir. Bəzən əxlaqdan danışmağa belə qorxuruq. Deyirlər, məgər sən kişi deyilsən? Məhəbbətin yerini şəhvət alır. Şəhvət artıq məhəbbəti, ailələrin əsaslarını dağıdır, insanlar arasında müqəddəs dəyərləri, münasibətləri yoxa çevirir. Atalıq, analıq, övladlıq kimi müqəddəs hisləri sarsıdır. Axı insan heyvan deyil. Belə olmalıdır...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat hesab edirəm, bu kimi hallardan hansısa məmurun, nazirin vurulması üçün istifadə edilməsi yolverilməzdir: “Rəhbər, əlbəttə, məsulyyət daşıyır. Öz təşkilatında olan hallardır. Amma onun xəbəri olmaya bilərdi. Vaxtında müraciət olunubsa, tədbir görməyibsə, bu halda məsuliyyət daşıyır. FHN-də o qədər şöbələr var, orada nə qədər qadın, kişi əməkdaşlar çalışır. Hamısına axı nəzarət etmək olmur. Fürsətdən istifadə etmək əvəzinə, cəmiyyətimizin sağlamlaşdırılması üçün böyük ideoloji təbliğat işi aparmalıyıq. Əvvəllər də bunu demişəm, məncə, artıq gecdir. Məhz müstəqil dövlətimiz qurulanda dövlət, parlament səviyyəsində haray saldım ki, Mənəviyyat komissiyası, Əxlaq polisi yaradaq, dəyərlərimiz aşınmağa başlayır. O vaxt milyon dəfə indikindən zəif idi. Belə əxlaqsız hərəkətlər tək-tük mehmanxanalarda, müəyyən restoranlarda, kənar yerlərdə baş verərdi. O vaxt haray çəkdim ki, yeni cəmiyyət qurulur, bu cəmiyyətdə milli-mənəvi dəyərlərimizi, əxlaqımızı özbaşına buraxmaq olmaz. Etiraz etdilər ki, bu, təbii yolla həll olunmalıdır. Sübut etmək istəyirdim ki, təbii yolla düzələn deyil. İndi isə artıq cəmiyyət mənəviyyatsızlığın əsirinə çevrilib. Qadınlarımızın, hətta kişilərimizin də abırlı geyinməsini, milli geyimlərimizə müəyyən qədər riayət olunmasını, nə hədsiz açıq-saçıqlığa, nə də hədsiz qapalılığa deyil, məhz Azərbaycan mentalitetinə, əxlaqına uyğun geyim tərzinə üstünlük vermələrini söylədim. Amma müxtəlif saytlarda, sosial şəbəkələrdə minlərlə insan mənim üstümə düşdü. Nə qədər insan məni qınadı, söydü. Yəni artıq cəmiyyət aşınıb. Bunu deməliyəm... Vaxtında bunun qarşısını almadıq. Kommunist ideologiyası dağılandan sonra ideoloji boşluq oldu. Bu boşluqdan hədsiz radikal dini cərəyanlar, açıq-saçıqlıq, gender bərabərliyi gətirildi. İnternet vasitəsilə biri özünün əxlaqsızlığını təbliğ etdi... Bütün dövləti, milləti, cəmiyyəti içəridən sarsıtmaqdan ötrü... Və buna nail oldular. İndi danışan zaman özüm acizlik çəkirəm. Nə üçün bütün bunlar olmalı idi? Axı vaxtında, əxlaqsızlıq tüğyan etməyə başlayanda bunu söndürməli, lokallaşdırmalı idik. Meşə bir kibritlə yanır. Nə üçün Yaponiya, Çin və digər ölkələr müvəffəqiyyətlə mübarizə apara bilir? İslam dövlətləri də bu əxlaqsızlığa qarşı milli-mənəvi simalarını qoruyub-saxlayıb. Biz niyə qoruyub-saxlamalı deyilik? Nə üçün biz hər şeydə özgə millətlərə oxşamağa çalışdıq, özgə millətlərin ən pis cəhətlərini qəbul etdik? Milli məziyyətlərimiz deqradasiyaya uğradı. Təbii ki, mübarizəmizi davam etdirməliyik. Maarifləndirmə, təbliğat yolu ilə cəmiyyətimizin sağlamlaşdırılması üçün hər cür çalışmalıyıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top