Ramil Məmmədli: “Azərbaycan müdafiə sənayesi sahəsində inqilabi yenilik etməlidir”

GÜNDƏM 12 avq 2022, 15:13
Azərbaycanın müdafiə sənayesi sahəsində özəl şirkətlərin yaradılması zamanın tələbinə çevrilib.

Artıq qeyri-neft sektorundan asılılığı azaltmaq üçün müdafiə sənayesi sektorunda özəl sahibkarlığın dəstəklənməsinə ehtiyac var. Hətta bu məsələdə gecikirik. Nəzərə alınmalıdır ki, qeyri-neft sektorundan sonra dövlət büdcəsinə gəlir gətirəcək ən uyğun istiqamət müdafiə sənayesi sektorudur. Bu hərbi sənaye sektorunda istər idxal-ixrac, istərsə də istehsalatda yeni və peşəkar mütəxəssislərin formalaşmasına imkan yaradacaq. Ən əsası isə dövlətin bu sahədə xarici ölkə sənayelərindən asılılığını azaldacaq, yerli potensialı stimullaşdıracaq.
İllərdir rəsmi və qeyri rəsmi məclislərdə – çıxışlarımda Azərbaycanda özəl müdafiə sənayesi şirkətlərinin yaradılmasının vacibliyini söyləyirəm. Təəssüf ki, bu mövzuda heç bir irəliləyiş yoxdur.

Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyət göstərəcək şirkətlərin (istər idxal-ixrac, istərsə də istehsal) demək olar ki, olmaması dövlətimizin siyasi maraqları ilə də üst-üsə düşmür.
Buna mane olmaqla, Azərbaycan adıçəkilən sahədə adını sadalamaq istəmədiyim ölkələr qarşısında asılı vəziyyətə düşür. Bu isə birbaşa milli təhlükəsizliyimizə xələl gətirir. Bununla da “pərdələnmiş”, lakin silah qaçaqmalçılığı ilə məşğul olan xarici ölkə vətəndaşlarının, yəni bir sıra ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi istisna edilməyən şəxslərin Azərbaycana ayaq açmasına imkan yaradılır.

Bununla da ölkəmizin müdafiə sənayesi sektorunun inkişafında yeni dövr açılar. Bazar iqtisadiyyatı qaydaları – rəqabət formalaşar, yeni və müasir məhsulların istehsalı yaradılar, rəqəmsal texnologiyalar sahəsindəki müasir hərbi vasitələrin istehsalının şahidi olarıq. Ən əsası isə hərbi sənaye məhsullarının yaradılması və istehsalı üçün vacib olan elmi-nəzəri bazanın inkişafına təkan verərik.
Beləliklə, xalqımız öz məhsulumuzla fəxr edər, mütəxəssislərimiz artar, dövlət büdcəmizə ciddi maliyyə vəsaiti axını başlayar, ölkəmiz daha da varlanar.

Azərbaycan müdafiə sənayesi sahəsində inqilabi yenilik etməlidir.

Əks təqdirdə ölkəmizin bu sahədə asılılığı artar, bu da dövlət müstəqilliyimizin və hərbi gücümüzün inkişafına maneə yaradar.

Ramil Məmmədli
Hərbi ekspert
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top