Deputat: “Ağdamın Baş planı çoxdan təsdiqlənib, Baş plan olmasa nəsə tikmək olmaz axı?”

GÜNDƏM 12 avq 2022, 14:17
“Azərbaycanın regionlarının inkişafı, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ağdam rayonunda bir sıra obyektlərin təməlinin qoyulması, bəzilərinin açılışlarının edilməsi Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsinin əyani təzahürüdür. Rayonda aparılan bərpa və quruculuq işləri Ağdamın tezliklə nəinki Azərbaycanın, həmçinin regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. 

Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi də sürətlə davam etməkdədir:

“Həmçinin, Bərdə-Ağdam dəmir yolu xəttində də tikinti işləri davam etməkdədir. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur. Yəni, artıq Ağdamda yol-nəqliyyat sahəsində bir çox işlər görülüb. Demək olar ki, bu sahədə artıq tamamlanma işləri görülür. Bundan başqa, Ağdamda tikinti işləri də həyata keçirilməkdədir. Burada yeni yaşayış evlərinin, məktəblərin, xəstəxanaların, otellərin tikintisi hazırda davam etməkdədir. Əsas odur ki, Ağdamın infrastrukturu düzgün qurulsun. Qeyd edim ki, özüm dəfələrlə orada gedən işlərlə tanış olmuşam. Orada güclü işlər gedir və böyük kollektiv var. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərliyi ilə hər iş nizamla gedir. Təbii ki, Ağdamda bərpa-quruculuq işləri uğurla davam edir. Yəni, Moskva birdən-birə qurulmayıb ki. Qeyd edim ki, Ağdam işğaldan əvvəl  60 minlik bir şəhər idi. Şəhərin tam bərpası 2040-cı ilədək tamamlanmalıdır. İnanıram ki, belə getsə, vaxtından əvvəl orada işlər tamamlanacaq”. 

Deputat xatırladıb ki, Prezident İlham Əliyev 2022-ci ilin fevralında Ağdam rayonuna səfəri zamanı şəhərin Baş planın artıq təsdiqləndiyini bəyan edib:

“Ağdam şəhərinin Baş planının təqdim olunması barədə ictimaiyyətə geniş məlumat verildi. Onun təfərrüatlarını Ağdamda Prezident İlham Əliyevin ictimaiyyətlə görüşü vaxtı "Ağ şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıqov açıqladı. Yəni, bu barədə televiziyalarda da geniş məlumatlar verildi. Ümumiyyətlə, qeyd edim ki, birinci Ağdamın Baş planı çoxdan təsdiqlənib və həmin Baş planın əsasında da işlər gedir. Baş plan olmasa nəsə tikmək olmaz axı? Orada sənaye müəssisələri tikilir, parklar salınır, iki elektrik stansiyası tikilir, inzibati planlar tikilir. Yəni, Baş plan olmasa kortəbii şəhər tikmək olmaz ki?”.

«Parkhill» şirkəti tərəfindən Ağdamda inşa edilən binada mənzillərin qiymətinin kvadratmetrinin 1250 manat olmasına gəlincə, millət vəkili qeyd edib ki, əslində bu qiymət bahadır:

“Qeyd edim ki, Ağdamda kimlərin evi olubsa, onların evi tikilib veriləcək. Bunu Möhtərəm Prezident İlham Əliyev dəfələrlə deyib. Ancaq əgər Ağdam sakini daha gözəl evdə yaşamaq istəyərsə, bu başqa məsələdir. Düzdür, Ağdam əvvəldən də bahalı şəhər olub. Dünyanın ən varlı şəhəri olub, bundan sonra da yenidən dünyanın ən varlı şəhəri olacaq. Amma, burada mənzillərin qiymətinin kvadratmetrinin 1250 manata olması bir qədər sual doğurur ki, o qiymətə o evi kim alacaq?”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top