Gəncədə 38 yaşlı kişi həmcinsini lüt gəzdirəcəyi ilə hədələdi — CİNAYƏT İŞİ

KRİMİNAL 12 avq 2022, 10:20
Gəncə şəhərində 1984-cü il təvəllüdlü Nahid Talehə (adlar şərti verilib – red.) qarşı soyğunçuluq edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nahid 15 avqust 2019-cu ildə, saat 18 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində kafedə Talehi əl və ayaq zərbələri ilə vurub və 40 manat məbləğində pulunu alıb. 

Bundan başqa, Nahid həmin gün saat 18.10-da kafedə Talehi döyüb, ona zor göstərməklə şalvarını çıxarıb, lüt gəzdirməklə haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. 

Bu hədə ilə Talehdən 300 manat məbləğində pul tələb edib. Taleh 300 manat məbləğində pulu olmadığını bildirib. 

Bu zaman Nahid onun 120 manat dəyərində “Huawei” markalı mobil telefonunu girov kimi götürüb və evində saxladığı spirtli içkiləri gətirməsini tələb edib. 

Taleh həmin gün saat 21 radələrində evində saxladığı 1 ədədinin dəyəri 30 manat olan ümumilikdə 3 ədəd “Delamain Cognac Grande Champagne” markalı 0,7 litrlik konyakları, 1 ədəd 25 manat dəyərində “Don Julio” markalı 0,5 tekilanı, 1 ədəd 10 manat dəyərində “Belenkaya Lyuks” markalı 0,5 litrlik arağı, 1 ədəd 20 manat dəyərində “Remy Martin” markalı 0,5 litrlik konyakı, 1 ədəd 30 manat dəyərində “Martell Vsop Medaillon” markalı 0,7 litrlik konyakı, 1 ədəd 30 manat dəyərində “Jameson” markalı 1 litrlik viskini gətirərək Nahidə verib. 

Daha sonra Nahid ertəsi gün səhər saatlarında Talehdən 100 manat məbləğində pul verməsini tələb edib. Əgər həmin məbləğdə pul verməyəcəyi halda döyərək xəsarət yetirəcəyini bildirib. 

İstintaq orqanı tərəfindən nahidin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə təqsirli bilib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahidin ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.4-cü maddə üzrə əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində həmin maddə üzrə bəraət hökmü çıxarıb.
 
Bundan başqa, məhkəmə Nahidin əməlini Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsinə tövsif edib. Nahid həmin maddə ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Nahidin barəsində olan cəzanın ağırlaşdırımasını istəyib. 

Həmçinin apellyasiya şikayəti verən Nahid isə barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunub və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. 

Qərara görə, Nahid Cinayət Məcəlləsinin 180.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, Onun cəzası 5 il 6 aya qədər artırılıb. 

Bu qərardan narazı qalan təqsirləndirilən şəxs kasasiya şikayəti verib. O, kasasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Nahidin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. 

Hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Nahidin kasasiya şikayəti təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top