Bakıda kişi arvadını təqib etdi və gözəllik salonunun qarşısında dəhşət yaşatdı — TƏFƏRRÜAT

KRİMİNAL 11 avq 2022, 13:07
Bakının Nəsimi rayonunda 1971-ci il təvəllüdlü Yusif şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Həqiqətə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif bildirib ki, 2007-ci ildə Həqiqət ilə ailə qurub və birgə nikahdan iki övladları olub: “2019-cu ildə Həqiqət ilə rəsmi olaraq boşansaq da, birlikdə Yasamal rayonu, 3-cü Alatava qəsəbəsində yerləşən evdə yaşamışıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin mart ayında Həqiqət övladları ilə birlikdə evdən gedib və bacısına məxsus Qobu qəsəbəsində yerləşən evə köçüb: “Bundan sonra bir neçə dəfə Həqiqət ilə barışmaq istədim, dəfələrlə birlikdə yaşamağı təklif etdim. Lakin sonuncu hər dəfə buna etiraz edərək məni təhqir etdi”. 

Yusif qeyd edib ki, hadisə günü səhər saatlarında  yaşadığı evdən çıxıb və uşaqlarının təhsil aldığı məktəbin yaxınlığına gedib: “Bir qədər gözlədikdən sonra uzaqdan Həqiqətin uşaqları məktəbə gətirdiyini gördüm. Uşaqlar məktəbə daxil olduqdan sonra Həqiqətin arxası ilə getdim və onu səslədim. Sonuncu məni gördü və heç bir reaksiya vermədən avtobusa mindi. Mən də həmin avtobusa mindim və kənarda dayanaraq ona baxdım. Heydər Əliyev adına sarayın yaxınlığında Həqiqət avtobusdan düşərək işlədiyi yerə doğru hərəkət etdiyi üçün mən də onun arxasınca getdim. “Artur Jafar” gözəllik salonun qarşısında Həqiqətə yaxınlaşaraq söhbət etmək istədiyimi bildirdim. Həqiqət ilə söhbət edən zaman sonuncuya barışmaq və ailəmizi yenidən bir araya gətirmək istədiyimi söylədim. Bunun qarşısılığında Həqiqət məni təhqir etdi və sifətimdən əli ilə şillə vurdu. Sonra getmək istəyən zaman əsəbləşərək onun sağ əlindən əlim ilə zərbə vurdum. Bundan sonra Həqiqət işlədiyi məkana daxil olduğu üçün oranı tərk edərək evə getdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Həqiqətin sözlərinə görə, 2019-cu ildə Yusif ilə rəsmi olaraq boşansalar da, övladlarının xatirinə yenidən birlikdə yaşayıblar: “2022-ci ilin mart ayında artıq Yusif ilə münasibətlərimiz pisləşdiyi üçün övladlarımı da götürərək evdən getdim. Öz bacıma məxsus Qobu qəsəbəsində yerləşən evə köçdüm. Keçmiş yoldaşım Yusif bir neçə dəfə mənimlə barışmaq istədi. Lakin ona bunun mümkün olmadığını bildirərək məni narahat etməməsini xahiş etdim”.

Həqiqət qeyd edib ki, hadisə baş verən günü övladlarını məktəbə gətirib və dərsə ötürüb: “Özüm isə iş yerimə qayıdan zaman Yusif mənə yaxınlaşd. Bu zaman heç bir reaksiya bildirmədən avtobusa mindim. Heydər Əliyev adına sarayın yaxınlığında avtobusdan düşdüm. İşə tərəf addımlayan zaman Yusif yenidən mənə yaxınlaşdı və barışmaq istədiyini bildirdi. Mən dən əl çəkməsini dəfələrlə xahiş etsəm də, sonuncu məni iş yerimin qarşısına kimi təqib etdi. İş yerimdə problem yaranmasın deyə yaxınlıqda yerləşən binanın ümumi girişinə daxil olaraq Yusiflə söhbət etdim. Yusif barışmadığımı gördü, mənə nalayiq sözlər işlətdiyi üçün onun sifətindən bir şillə vuraraq yanından keçərək getmək istədim. Bu zaman Yusif sağ əlimdən əli ilə bərk zərbə vurdu”. 

Həqiqət ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını deyib. 

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Yusifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top