Dayı bacısı oğlunu avtomobilində güllələdi — Masazırda şok olay

KRİMİNAL 09 avq 2022, 12:42
Abşeron rayonunda 1982-ci il təvəllüdlü Bəhruz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı bacısı oğlu Kamrana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 24-də Masazır qəsəbəsində baş verib. 

Bəhruz bacısı oğlu Kamranla mübahisə edib. Sonra Bəhruz ov tüfəngindən bir dəfə havaya, sonra isə bacısı oğluna qarşı zor tətbiq edərək, onun sağ çiyin nahiyəsi istiqamətində atəş açıb. Kamran həmin vaxt xəsarət alıb. 

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, bacısı oğlu Kamran “Sədərək” ticarət mərkəzində telefon aksessurları satışı ilə məşğul olur: “Həmçinin mən də “Sədərək” ticarət mərkəzində stol üstü klyonka satışı ilə məşğul oluram. Son vaxtlar Kamranın özünü pis aparması, mənimlə kobud davranması və mənə qarşı saymazyana hərəkətlər etməsi xoşuma gəlmədi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, ov həvəskarı olduğu üçün Beyləqan rayon polis şöbəsində qeydiyyata alınmış qoşa lüləli ov tüfəngi var: “Həmin tüfəngi 11 il əvvəl Ağcabədi rayonunda “Ovçular” mağaqazinindən almışam. Hadisə günü səhər saatlarında həmin tüfəngi sökülmüş vəziyyətdə özümə məxsus olan “Kia Cerato” markalı avtomobilin arxa yük yerinə qoydum. Tüfəngi avtomobilə qoymaqda məqsədim həmin gün ova getmək olub. Həmin gün saat 23 radələrində idarə etdiyim avtomobillə Masazır qəsəbəsinə bacım Mahnigargilə getdim. Masazır qəsəbəsində arxamca maşın gəldiyini görüm. Həmin maşının bacım Mahnigarın oğlu Kamran olduğunu yəqin etdim, onların yaşadıqları küçədə avtomobili saxladım. Həmin vaxtı avtomobilin arxasında olan ov tüfəngimi götürərək yığdım və 2 ədəd patron qoydum. Kamran avtomobili saxladı. Kamrandan avtomobildən düşməsini istədim. Kamran isə avtomobildən düşmədi. Tüfənglə bir dəfə havaya atəş açdım. Bu zaman Kamranın avtomobilində olan bacım uşaqları - Ələsgər, Murad və Kamranın yeznəsi Pərvin arxa oturacaqdan düşərək qaçdılar. Kamranın bundan qorxmadığını gördüm, tüfənglə avtomobildə sükan arxasında əyləşən Kamrana avtomobilin açıq pəncərəsindən atəş açdım ki, onu qorxuzum. Atdığım atəşdən dağılan qırmalar nəticəsində Kamran kürək nahiyəsindən xəsarət aldı. Həmin vaxtı tüfəngi yerə qoyaraq Kamrana kömək etdim. Onu xəstəxanaya aparmaq istəsəm də, Kamran köməyimdən imtina etdi. Maşını sürərək oradan getdim”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Kamranın sözlərinə görə, dayısını açdığı atəş nəticəsində xəsarət alıb və xəstəxanada müalicə alıb. Onun sözlərinə görə, dayısının ona atəş açmasının səbəbini bilməyib. O bildirib ki, dayısı ilə arasında aralarında borc və ya alqı-satqı ilə bağlı mübahisə olmayıb. Kamran ifadəsinin sonunda dayısı iləı barışdığını, ona qarşı şikayəti olmadığını deyib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Bəhruz 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top