Deputat: “Azərbaycanda hava nəqliyyatı digər ölkələrlə müqayisədə daha bahadır"

GÜNDƏM 08 avq 2022, 18:44
“İllərdir ölkədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qiymətlərindən narazılıq var. Qonşu ölkələrdə hava nəqliyyatı qat-qat ucuz olduğu halda, Azərbaycanda bilet qiymətləri olduqca yüksəkdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, pandemiya dövründə dünyanın bütün ölkələrində yaranmış ciddi fəsadların ən dərini turizm sektorunda oldu:

“Bundan  təbii ki, ölkəmiz də təsirləndi. Uzun illərdir ölkəmizdə müxtəlif tədbirlər keçirilirdi ki, ölkəyə xarici turistlər cəlb olunsun. Keçirilən bu silsilə tədbirlər öz nəticəsini verdi. 2019-cu ildə xarici turistlərin sayı öz pik sayına çataraq 3 milyon iki yüz min nəfərə yüksəldi. Amma pandemiyaya görə 2020-ci ildə bu rəqəmdə 4 dəfəyə qədər azalma olub. Təxminən 800 min xarici turist ölkəyə daxil olmuşdu. Bu da kifayət qədər pis göstəricidir. Bu azalan rəqəm postpandemiya dövründə də elə də artmadı, bu isə turizmə ciddi zərbə vurdu. Turizmin belə ziyan görməsinin başlıca səbəblərindən biri də məhz AZAL-ın qiymətlərinin çox yüksək olmasıdır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda hava nəqliyyatı digər ölkələrlə müqayisədə daha bahadır:

“AZAL-ın fəaliyyəti ilə bağlı dövlət qurumlarında müxtəlif rəsmilər, ekspertlər şikayətlərini, çatışmazlıqları, problemləri söyləyib. Lakin buna baxmayaraq AZAL-la bağlı problem hələ öz həllini tapmır. Bu barədə Milli Məclisin plenar iclasında da həmkarlarımın çıxışları oldu.  Həmçinin, quru sərhədlərinin bağlı olması, AZAL-da qiymətlərin baha olması, digər ölkələrdə olduğu kimi daha ucuz fəaliyyət göstərən aviaşirkətlərin Azərbaycan bazarına daxil olmaması burada rəqabət mühitini də pozur. Bu rəqabətsizlik qiymətlərin qalxmasına, keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır. Nəticədə isə turizmə ciddi mənfi təsirlər olur. Düşünürəm ki, hava nəqliyyatında da ciddi rəqabət mühiti yaradılmalıdır ki, yüksək keyfiyyət və əlçatan qiymətlər olsun. Mən bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanda nəinki AZAL, hətta  “Wizz Air” və Azərbaycanda işləyən digər hava yolları şirkəti “Pegasus Airlines” də bahadır. Hansı ki, bu şirkətlər  hətta Gürcüstandan 20-30 avroya belə bilet satırlar.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top