Deputat: “Erməni terrorçularına cavabımız çox ağır və sərt olacaq”

GÜNDƏM 06 avq 2022, 15:52
“Azərbaycan üçtərəfli bəyanatın bütün müddəalarına əməl edir. Təəssüflər olsun ki, Ermənistan tərəfi hər vəchlə prosesi uzatmaq istəyir. Sonuncu “Qisas” antiterror əməliyyatı Ermənistana bir şillə rolunu oynadı. Ermənistan sanki bu reallıqları dərk etmək üçün yuxudan ayıldı. Onlar bu antiterror əməliyyatları zamanı bir daha anladılar ki, artıq onları müdafiə edən, dəstək verən, onlara hansısa ümid verən tərəflər yoxdur. Çünki bütün proseslər Azərbaycanın xeyrinə işləməməkdədir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat qeyd edib ki, Ermənistan prosesləri dərk etmək istəmir:

“Ermənistanda verilən sonuncu açıqlamalardan, bəyanatlardan belə qənaətə gəlmək olar ki, artıq sentyabr ayına qədər Ermənistanın qanunsuz silahlı dəstələri bu ərazilərdən tamamilə çıxarılacaq. Təbii ki, onlar oranı tərk etməsələr, aqibətlərin necə olacağını da yaxşı anlayırlar. Əgər belə təxribatlar davam edərsə, bunun cavabı da çox sərt və ağır olacaq. Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır. Bütün addımlar da buna hesablanıb.  Bilirik ki, Laçın dəhlizinə paralel Azərbaycan tərəfindən də yol çəkilib. Artıq erməni əsilli insanlar bu yoldan istifadə edə bilərlər. Yəni, yaxın müddətdə Laçın və onun ətrafındakı bir çox ərazilər də Azərbaycanın nəzarətinə keçməlidir. Böyük ehtimalla verilən vədlər bu dəfə doğru olacaq və avqust ayının sonları bu ərazilər tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzartinə keçəcək. Hesab edirəm ki, böyük ehtimalla Zəfərin ildönümünə qədər Ermənistanla hansısa ilkin sənədin imzalanması da reallaşa bilər. Bu sərhədlərin tanınması ilə bağlı, kommunikasiyaların real fəaliyyətə düşməsi ilə bağlı, komissiyaların fəaliyyətinin ilkin nəticəsi olaraq imzalanmış hansısa sənəd ola bilər. Ermənistan anlayır ki, hər keçən gün onların əleyhinə işləyir və istənilən an Azərbaycan üçtərəfli bəyanatdan imtina edə bilər. Buna görə də, Ermənistan tutduğu vədi yerinə yetirməlidir”.

Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin işə düşməsi çox vacibdir:

“Zəngəzur koridoru olmayacağı təqdirdə Laçın koridorundan hansısa ermənilər üçün rahat istifadə edə biləcəyi yoldan, dəhlizdən söhbət də gedə bilməz. Bu baxımdan Ermənistan qalib Azərbaycanın bütün şərtlərinin və tələblərinin sonuna qədər yerinə yetirməlidir. Düşünürəm ki,  avqust ayında planlaşdırılan Brüsseldə yenidən üçtərəfli görüşdə real nəticələr olacaq. Çünki artıq buna qədər Moskva, Soçi və Brüsseldə görüşlər olub. Təbii ki, bu görüşə qədər hansısa real nəticələr olmalıdır ki, bu formatda görüşlər Avropa İttifaqında davam etdirilə bilsin”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top