Zahid Oruc: “Rus sülhməramlıları qanunsuzluqların qarşısını vaxtında alsaydı, “Qisas” əməliyyatına da ehtiyac qalmazdı”

GÜNDƏM 04 avq 2022, 13:08
“Heç şübhəsiz ki, Azərbaycan son iki ilə yaxın vaxt ərzində Vətən müharibəsinin yekunlarında 3 dövlət rəhbərləri tərəfindən imzalanmış Bəyanatın müddəalarına sadiq qalaraq hərəkət edib. Həm Ağdamın, Kəlbəcərin, daha sonra Laçının azad edilməsi fonunda Azərbaycan dövləti tərəfindən də müvafiq addımlar atılıbdır və regionda sülhün təmin olunması üçün digər vacib həm dövlətlərarası razılaşmalar, həm beynəlxalq danışıqlar, həm Avropa Biriliyinin prosesə qoşulması fonunda həyata keçirilən tədbirlərdə Azərbaycan fəal rol oynayıb. Ona görə də, dünən baş vermiş hərbi əməliyyat fonunda ermənilərin xarici aləmə “Azərbaycanın gündəliyində sülh yoxdur” devizini çıxarmasının heç bir əsası ola bilməz. Çünki son iki ilə yaxın dövr ərzində Cənab Prezidentin nitqində ən başlıca fikir, ideya və onun gerçək təminatını həyata keçirmək iradəsi, gücü məhz Azərbaycanda olan sülh prosesidir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib. 

Zahid Oruc bildirib ki, əslində dünənki əməliyyatı bir tərəfdən “Qisas”əməliyyatı, digər yandan isə sülhə məcburetmə, regionda əbədi, daimi sülhün bərqərar olunması siyasəti kimi qiymətləndirir:   

“Bilirik ki, Rusiya sülhməramlılarının həmin əraziyə daxil olması 10 noyabr 2020-ci il Bəyannaməsinə əsasən gerçəkləşib. Həmin müddəalarda aydın bir şəkildə yazılıb və qeyd olunub ki, yəni, 4-cü maddədə yazılıb ki, Rusiya sülh yaradıcı qüvvələrinin bölgəyə gəlməsiylə və konkret orada onun məsuliyyət zonasının yaranması şəraitində erməni silahlı birləşmələri bölgəni tərk edəcəkdir. Lakin 19 iyulda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, onlar sentyabrda bu işi həyata keçirəcəklər. O qeyd etdi ki, onsuz da Ermənistandan artıq çağırışçıları bura cəlb etmirlər. Bu, nəyin sübutudur? Bu, onun göstəricisidir ki, həmin qüvvələr orada var. Və siz dünənki əməliyyat zamanı Azərbaycan ordusunun, xüsusilə də “Bayrakdar”lar vasitəsilə endirilmiş zərbələrin hansı nöqtə olduğunu gördünüz? Məhz hərbi istehkamlar bu zərbənin hədəfində oldu. Biz axı deyilən kimi, yəni “Azərbaycanın gündəliyində sülh yoxdur” sözünə cavab verdik. İkinci məsələ bəyan edirdilər ki, bu, Qarabağda yaşaması mümkün olan hər hansı bir ermənin varlığına Azərbaycan tərəfinin tanınması deməkdir. Əsla, bu, axı Xankəndidə mülki insanları zərbə vurmaqla, onların həyatına, varlığına son qoymaq əməliyyatı kimi özünü göstərməyib, yoxdur belə kadrlar. Əksinə, bu hərbi istehkamlar bizim arqumentlərimizi gücləndirən hadisədir ki, onlar orada necə yaranıblar? Üçüncüsü, rus sülhməramlıların orada məsuliyyət zonası və mandatına daxil olan mühüm öhdəlikləri və vəzifələri var. Ağdam şəhərində yerləşən və Türkiyə hərbi qüvvələrinin bəlli bir sayda yaradılmış Monitorinq Mərkəzi də bu proseslərə nəzarət etmək üçündür”. 

“Bir daha söyləyirəm ki, Azərbaycan 10 noyabr razılaşmanın müddəalarından kənara çıxmayıb. Əksinə, onu təmin etmək üçün addımlar atmaqdadır. Ona görə də, heç şübhəsiz ki, Rusiya sülhməramlı qüvvələri tərəfindən bu istehkamların, yeraltı hansısa bir xətlərin, o cümlədən Qarabağa əlavə gətirilən silahların, texnikaların qarşısı alınmış olsaydı, bəlkə də, dünənki əməliyyata da ehtiyac qalmazdı. Düşünürəm ki, məhz ona görə də, Rusiya tərəfindən verilən bəyanat kifayət qədər balanslıdır. Hər hansı suçlandırıcı, ittiham edici, mühakimə edici bir mövqe yoxdur. Ermənilər də bundan məyus olublar. Ona görə də, siz onların informasiya məkanına baxsanız əksər erməni politoloqları, siyasətçiləri açıq şəkildə Rusiyanın və onun sülhməramlı qüvvələrini ittiham edirlər ki, nə üçün onları qorumayıblar, onların əvəzində döyüşməyiblər və s. Bir daha söyləyirik, axı Azərbaycan bu əməliyyatı Qarabağda, elə həm də Qarabağda yaşamaq istəyən ermənilərin təhlükəsizliyi üçün edir. Orada qalan erməni hərbi birləşmələri də ən böyük zərbəni həm İrəvana və onun maraqlarına, təhlükəsizliyinə vurur, o cümlədən Qarabağda yaşamaq istəyən, hazırda sayı 27 minə qədər enmiş olan ermənilərə vurur. Hər kəs bilsin ki, Cənab Prezidentin “dəmir yumruğu” davam edir. Harada maraqlarımıza təhlükə olacaqsa, bu yöndə də müvafiq addımlar atılmış olacaq. Ona görə də, regionda, xüsusilə də Qarabağ bölgəsində müəyyən bir sülh yaradıcı prosesə məsuliyyət götürmüş  qüvvələr bunun fərqində olmalıdır”, - deyə sonda deputat fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top