Azərbaycanlı jurnalistlər Qazaxıstanın nüfuzlu media qurumunu ziyarət etdi — FOTOLAR

MEDİA 01 avq 2022, 17:49
Azərbaycanlı jurnalistlərin Qazaxıstanın Aktau şəhərində səfəri başlayıb.

Azərbaycan Respublikasının Aktaudakı baş konsulu vəzifəsini icra edən Elmar Məmmədov, Editor.az xəbər portalının rəhbəri Fərid Şahbazlı, AZXEBER.COM informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov Qazaxıstanın "Manqustau Media Qrupu"nu ziyarət edib.

Elmar Məmmədov Azərbaycanla Qazaxıstan arasında tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərdən söz açıb. 

Konsul bildirib ki, 2 ölkə arasında bütün sahələrdə əməkdaşlıq və dostluq yüksək səviyyədədir:

"Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır".

Elmar Məmmədov deyib ki, iki ölkə arasında media sahəsində də böyük potensial var. 

"Manqustau Media" qrupun rəhbəri Gülmirə Abışeva Qazaxıstan mətbu mühitdən danışaraq, rəhbərlik etdiyi media holdinqin fəaliyyəti barədə geniş məlumat verib. 

O da öz növbəsində bildirib ki, Azərbaycan mətbuatı ilə münasibətlərin daha da inkişaf etdirilməsinə ehtiyac var. Hər iki ölkənin mediası ölkələrin tarixini, mədəniyyətini eyni zamanda bugünki reallığını geniş təqdim etməlidir. 

Media qrup Azərbaycanın Aktuadakı baş konsulluğunun faəliyyətini də yüksək qiymətləndirib. 

Fərid Şahbazlı çıxışında Azərbaycanda həyata keçirilən media siyasətindən danışıb:

"Azərbaycanda uğurlu media siyasəti həyata keçirilir. Medianın İnkişafı Agentliyi tərəfindən Jurnalistlərin peşəkarlığının artırılması və medianın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün çoxsaylı layihələr icra olunur, dünyanın nüfuzlu media qurumlarından jurnalistlər Bakıya dəvət olunur, onların treninq, master-klasları baş tutur. Hazırda bizim dünyanın müxtəlif ölkələrinin KİV-ləri ilə yaxın əlaqələrimiz mövcuddur. Bu bizim Qazaxıstana ilk səfərimizdir və çox istərdik ki, Qazaxıstan mediası ilə də münasibətlərimiz yaransın və ortaq layihələr həyata keçirək".

Hacıbəy Heydərli də bildirib ki, yeni dövrün tələblərinə uyğunlaşmaq üçün beynəlxalq media ilə əlaqələr çox önəmlidir: "Azərbaycan 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazandı və ərazi bütövlüyünü bərpa etdi. Müharibə bitsə də informasiya müharibəsi davam edir. Biz də çalışmalıyıq ki, yeni dövrün tələblərinə uyğun olaraa beynəlxalq media ilə əlaqələrimizi inkişaf etdirək, haqq səsimizi dünyaya çatdıraq. Qazaxıstan Azərbaycan üçün dost ölkədir, medialarımız arasında münasibət də inkişaf etməlidir".

Əfsələddin Ağalarov da öz növbəsində deyib ki, Qazaxıstan - Azərbaycan əlaqələri günü-gündən inkişaf edir: "Biz də jurnalistlər və media qurumları olaraq bu münasibətləri inkişaf etdirməyə çalışmalıyıq və hər iki ölkənin oxucularına ölkələrimiz haqda dolğun informasiya təqdim etməliyik. Qazaxıstan mediası ilə də əlaqələrin qurulmasında da maraqlıyıq. Ümid edirik ki, bu görüşümüzdən sonra əlaqələr daha da inkişaf edəcək". 

Görüşün sonunda ortaq layihələrin həyata keçirilməsi və iki ölkənin media qrupları arasında memorandum imzalamaq barədə razılığa gəlinib.

 

 

 

 

 

 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top