Asif Əsgərli: “Elm və təhsil sahəsində idarəetmə yeni mexanizmlər əsasında həyata keçiriləcək”

GÜNDƏM 29 iyl 2022, 13:55
Xəbər verdiyimiz kimi, ötən gün “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli Demokrat.az-a açıqlamasında bildirib ki, məlum fərman elm və təhsilin inkişafına da öz müsbət təsirini göstərəcək. Ekspert qeyd edib ki, bununla eyni zamanda beynəlxalq təcrübə də artacaq:

“Yeni fərman elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, əlaqələndirmənin düzgün qurulması, optimalaşdırma baxımından mühüm əhəmiyyət daşıyır. Bu da ölkə başçısının elm və təhsil sahəsindən apardığı islahatların tərkib hissəsi olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bundan sonra istər elm, istərsə də təhsil sahəsində dinamika və yenilklər müşahidə olunacaq. Qeyd edim ki, Prezidentin məlum Fərmanına əsasən Elm və Təhsil Nazirliyi yaradılıb. Beləliklə, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının isə bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Bütün bunlardan sonra elm və təhsil sahəsində idarəetmə yeni mexanizmlər əsasında həyata keçiriləcək”.

Asif Əsgərlinin sözlərinə görə, elm və təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması, eyni zamanda müasir təcrübənin əldə edilməsi gənc kadrların üzərinə məsuliyyət qoyur:

“Əlbəttə ki, bu sahənin inkişafı elmlə təhsilin qarşılıqlı əlaqəsinə rəvac verəcək. Sirr deyil ki, Azərbaycanda uzun müddət elm sahəsində, elmi idarəetmə və elmi dayanıqlıqda bir durğunluq yaşanırdı. Bu da istər-istəməz ölkənin elmi potensialının inkişafdan geri qalmasına, müasir rəqabət qabiliyətinin zəif olmasına gətirib çıxarmışdır”. 

O qeyd edib ki, bütün bunları dəqiqliklə və peşəkarcasına qiymətləndirən ölkə başçısı belə bir önəmli və vacib fərmana imza atdı:

“Hesab edirəm ki, bu sənəd Azərbaycanda ali təhsil müəssisələrinin  təhsil proqramları üzərində ənənəvi fəaliyyətlərini daha da genişləndirib elmi tədqiqat, araşdırma rolunu da artırmış olacaq. Düzdür, elmi əlaqələndirmə, elm sahəsində dövlət siyasətini, elm və təhsilin qarşılıqlı koordinasiyasını yeni nazirlik təşkil edəcək. Amma AMEA da qalacaq, yeni statusda, nizamnamədə, yeni cağırış və elmi tələblərə uygun fəaliyyət göstərəcək. Düşünürəm ki, bundan sonra AMEA elmə yeni nəfəs gətirəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top