“Location” gecə klubunda baş verən partlayışla bağlı yeni faktlar açıqlandı

HADİSƏ 25 iyl 2022, 17:49
Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Adil Mehdiyevin nümayəndəsi mülki iddia qaldırıb. O, hər üç təqsirləndirilən şəxsin mülki cavabdeh kimi tanınmasını istəyib. Hakim mülki iddianı qəbul edib və araşdırılması üçün cinayət işinə əlavə edib. 

Daha sonra məhkəmə istintaqı başlanıb və prokuror Babaxan Həsənəliyev ittiham aktını elan edib.

İttihama münasibət bildirən hər üç təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyib. 

Rəsul Rəsulov hazırkı mərhələdə ifadə verməyib. Deyib ki, vəkili ilə məsləhətləşmə aparacaq və bundan sonra ifadə verəcək.

Daha sonra sərbəst ifadə verən Orxan Səfərli bildirib ki, bu iş başlanandan özünün təqsirsiz olduğunu deyib: "Amma bunlar nəzərə alınmayıb. Mənim təqsirsiz olmağımla bağlı səbəblər çoxdur. İttiham aktını oxuyanda məlum olur ki, mənə qarşı qərəzli istintaq aparılıb. Orada yazılanların mənimlə yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur".

Orxan Səfərli in sözlərinə görə, MMC-nin təsisçisi-klubun təsisçisi olmayıb: "Rəsul Rəsulov guya deyib ki, göstərişi məndən alıb. Amma mənim heç bir əlaqəm olmayıb. Mənim təsisçi olmağım barədə heç bir sübut yoxdur. İsrail Usubov  (iş üzrə şahiddir) təsisçi olub. 2018-ci ildə İsrail ilə Ayxan şirkət təsis edilib. Çay evi kimi fəaliyyət göstərib. Mənim ora ilə heç bir əlaqəm yoxdur. Mənim İsrail ilə dostluq münasibətim olub. Pandemeya yaranandan sonra Ayxanla İsrailin münasibətləri ayrıldı. Bundan sonra Ayxana məxsus olan şirkətin 50 faizi mənim adıma keçdi. Bu da İsrailin təkidli ilə olub. Sonradan çay evini "Pub" kimi fəaliyyət göstərib. Mən orada direktor olsam da, faktiki olaraq bu işi icra etməmişəm. Çünki mənim klubun idarəçisi olmamişam. Orada olanlardan mənim xəbərim olmayıb. Partlayış olandan sonra məni təqsirli biliblər".

Prokurorun suallarını cavablandıran Orxan Səfərli deyib ki, partlayışı əsil günahkarınl məhkəməyə müəyyən edə bilər.

Təqsirləndirilən şəxsin sözlərinə görə, üst-üstə klubda 3-5 dəfə olub. Qeyd edib ki, orada da qonaq qismində iştirak edib.

Orxan Səfərlinin sözlərinə görə, icarəyə götürülən obyektin sahibi ilə əlaqəsi olmayıb: "Mənə dedilər ki, Asan xidmətdə icrarə müqaviləsini imzalamağı deyiblər. Mən də imza etmişəm. Bundan sonra Azərbaycanda olmamışam. Obyektin qurulmasında iştirak etməmişəm. Həmin obyektin gəlirindən mənfəət gözləmirdim. Çünki, 2015-ci ildə "Hacc" ziyarətində olmuşam. Bu səbəbdən də içkidən, spirtdən gələn gəliri götürməmişəm. Mən ora heç kimi də işə götürməmişəm, üz-üzə gəlməmişəmş məni heç kim tanımır. Heç kimə də göstəriş verməmişəm".

Onun sözlərinə görə, partlayış baş verməmişdən 45 gün əvvəl MMC-nin direktoru vəzifəsindən də çıxıb və ora ilə heç bir əlaqəsi olmayıb. 

Orxan Səfərli deyib ki, cinayət işində adı keçən zərərçəkmişlərin heç birini tanımayıb. Onun sözlərinə görə, klubun alınması ilə bağlı ofisə məlumat gəlib və alınıb: "Şirkət razılıq verib. Bununla bağlı da İsrail Usubov qərar verib. Bütün işləri də onlar edib. Mən heç nə görməmişəm. İşçiləri Rəsul Rəsulov danışıb, götürüb. Gəlirlər bağlı nə olub, heç nə bilmirəm. Heç kim də mən oradan heç bir gəlir verməyiblər".

Orxan Səfərli deyib ki, bir dəfə “Location”ə qonaq qismində iştirak edib. Hakim onun bundan əvvəl 2-3 dəfə klubda olmağı ilə bağlı verdiyi ifadələr dəqiqləşdirmə aparıb. O klubda olmasını təsdiqləyib:  "Orada gündüz saatlarında getmişdim. Orada heç kim yox idi. Orada zalda olmuşam. Mətbəxində olmamışam. Heç bir işə nəzarət etməmişəm. Çünki marağım olmayıb".

Orxan Səfərli bildirib ki, İsrail Usubovla MMC-yə 50 faiz şərik olması ilə bağlı heç bir vəsait qoymayıb: "Çünki burada heç bir maddi gəlir güdməmişəm. Ayxanla arası dəyəndən sonra İsrailin günəvənə biləcəyi yaxın adamı olmayıb. Buna görə də formal olaraq mənimlə şərik oldu. Mən yalnız sənədlərə imza etmişəm". 

Daha sonra digər təqsirləndirilən Ruslan Məmmədov ifadə verib. 

Növbəti proses avqustun 1-də davam edəcək. 

İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.

Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.

Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.

O, həmin partlayışda ağır xəsarət alıb.

Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top