“İşğalçı, imperialist xislətə malik Rusiya getdikcə zəifləməklə yanaşı, həm də təcrid olunur” — ŞƏRH

SİYASƏT 20 iyl 2022, 15:05
“Son illərdə bütün sahələrdə zəifləməkdə olan Rusiya Ukrayna bataqlığına saplanmaqla, dönüşü olmayan bir yola girdi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında AY Partiya Başqanının müavini Gülşən Hacıyeva deyib. O qeyd edib ki, indiyədək bir çox ölkə, xüsusilə də Qərb dövlətləri ilə ciddi problem yaşayan, yumşaq dillə desək, onlarla soyuq müharibə şəraitində olan Rusiya bu ədalətsiz savaşı başlatmaqla xeyli müttəfiqini də itirib:

“Getdikcə Cənubi Qafqaz, Yaxın Şərq, Şərqi Avropaya təsir imkanları azalan Rusiya zəifləməklə yanaşı, həm də təcrid olunur. Dünyanı, xüsusilə Avropanı enerji böhranı ilə təhdid etmək, sınamaq o ölkələrlə bərabər Şimal qonşumuzun da maraqlarına ziddir. Çünki nə qədər yeraltı, yerüstü zənginliyə sahib olursan, ol, bunları dünyaya sata bilməsən,  dünyaya inteqrasiya etməsən bir dövlət kimi varlığını davam etdirməyin mümkün deyil. Belə olan halda Rusiya girdiyi çıxılmaz yoldan qurtulmaq, məhsulunu satmaq üçün təbii ki, regionun nəhəng dövlətləri olan İran və Türkiyə ilə münasibətləri normal saxlamağa məhkumdur. Nəzərə alsaq ki, İran da Rusiya kimi ciddi sanksiyalar altındadır, deməli, onların ortaq maraqları daha çoxdur”. 

Analitik qeyd edib ki, Türkiyə isə bu məsələlərdə tam kilid rolundadır:

“İşğalçı, imperialist xislətə malik, Türk dünyasının güclənməsində narahat olan, hər vəchlə bunun qarşısını almağa çalışan Rusiya və İran  bu məqamda Türkiyə ilə əlaqələri normal səviyyədə saxlamağa məcburdur”.


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top