Deputat: “Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması üçün lazımi təşəbbüslər göstərir”

SİYASƏT 18 iyl 2022, 14:11
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bir çox məqamlara aydınlıq gətirmiş və ölkənin beynəlxalq aləmdə qazandığı nüfuzu xüsusilə dəyərləndirmişdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat vurğulayıb ki, Cənab Prezident göstərmişdir ki, Azərbaycan bu gün dünyanın ən demokratik, sivil dövlətlərindən biri sayılır və ölkəmizin beynəlxalq nüfuzu ildən-ilə artmaqdadır:

“O, xüsusilə diqqəti son dövrlər Azərbaycanın Qoşulmama Hərəkatındakı roluna yönəltmiş və bildirmişdir ki,120 dövlət arasında Azərbaycan bu gün özünün roluna, həyata keçirdiyi tədbirlərə görə fərqlənir və bu təşəbbüslər, bu təltiflər dünya ölkələri tərəfindən yüksək qiymətləndirilməlidir. O, Qoşulmama Hərəkatının bir sədri kimi son günlərdə Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən tədbirlərinə diqqəti cəlb etməklə, bildirmişdir ki, bu təşkilatın dünyada rolu gündən-günə artır və bu rolun daha da yüksəldilməsi, bu hərəkatın  dünya ölkələri arasında nüfuz qazanması üçün əlimizdən gələni əsirgəmirik. Həm də Cənab Prezident Avropa İttifaqı ilə münasibətlərə aydınlıq gətirərək bildirmişdir ki, Avropa İttifaqı son aylarda Azərbaycanı dəstəkləməkdədir və istər müharibə dövründə, istərsə də ondan sonrakı aylarda o Azərbaycanla münasibətlərə çox böyük önəm verir”. 

Deputat vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin daha da yaxşılaşdırılması üçün lazımi təşəbbüslər göstərir:

“Avropanın Azərbaycana bu dəstəyi ölkəmizin Avropa ölkələri arasında qazandığı hörmət və nüfuzdan irəli gəlir. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyin də mühüm rol oynaması bu imkanları daha da genişləndirir. Bu gün Avropa ölkələri Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə, iqtisadi inkişafa, eləcə də mədəniyyət, iqtisaiyyat və digər sahələrdə əlaqələrin genişləndirilməsinə çox böyük önəm verirlər. Cənab Prezident bildirmişdir ki, biz dünya ölkələri ilə münasibətləri daima yaxşılaşdırmaq əzmindəyik və əlbəttə ki, qonşu dövlətlərlə xüsusilə Rusiya, İran, Gürcüstanla münasibətlərimiz sağlamdır və son dövrlərdə bu ölkələrlə münasibətlərin yaxşılaşdırılması  istiqamətində irəliyə doğru səmərəli addımlar atılmışdır. Və yaxşı haldır ki, Azərbaycanla ABŞ münasibətləri artıq son dövrlərdə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bunu da Azərbaycan prezidenti öz çıxışında yüksək dəyərləndirmişdir. ABŞ prezidenti Co Baydenin isə məktubu, eləcə də öz çıxışlarında Azərbaycanda gedən proseslərə yüksək qiymət verilməsi göstərir ki, artıq Azərbaycan ABŞ münasibətlərinə doğru irəli addımlar atılmaqdadır. Əlbəttə ki, ölkə rəhbərləri bu münasibətlərin yaxşılaşdırılmasını bilavasitə Azərbaycanın gələcək inkişafı üçün önəmli olduğunu qeyd edir və bildirir ki, beynəlxalq münasibətləri yaxşılaşdırmadan qonşu dövlətlərlə əlaqələri genişləndirmədən dünyada sülhə, əmin-amanlığa töhfə vermədən heç bir dövlətin inkişafı və onun dəstəklənməsi mümkün deyildir və müharibə bunu bir daha göstərdi”. 


“Azərbaycanın dünyada artan nüfuzu müharibənin Azərbaycanın xeyrinə başa çatmasına, eləcə də başda qardaş Türkiyə Respublikası, türk qardaşlarımız olmaqla ölkəmizin haqlı, ədalətli işinin dəstəklənməsi dünya ölkələrinə də bir örnək oldu. Müşavirədə bir çox digər məsələlərə, xüsusillə də ölkə iqtisadiyyatının gündən-günə inkişaf etdirilməsinə diqqət cəlb olunmuş və bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatı son 6 ayda yeni mühüm nailiyyətlər əldə etmişdir. Belə ki, iqtisadiyyat 6.2 faiz, qeyri-neft iqtisadiyyatı 9.6 faiz, qeyri-neft sənayesi istehsalı11.5 faiz artmışdır ki, bu da əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün çox vacibdir. Əhalinin gəlirləri 20 faizdən çox artmışdır ki, bu da bilavasitə iqtisadiyyatımızın inkişafı ilə əlaqəlidir. Cənab Prezident öz çıxışında ölkədə baş verən mühüm hadisələrə, eləcə də beynəlxalq aləmdə baş verən dəyişiliklərə diqqəti cəlb etmiş və bildirmişdir ki, Azərbaycan sərbəst siyasət yeritməkdədir və bundan sonra da bu siyasətini yeridəcəkdir”. 

“Sözsüz ki, ölkədə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən qayğını Cənab Prezident öz çıxışında qeyd etməklə göstərdi ki, bundan sonra biz bu layihələri uğurla davam etdirməliyik və bildirildi ki, keçən il 3 mindən çox müharibə əlillinə, şəhid ailələrinə mənzillər verilib. Bu il də 1500-dən çox mənzilin verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, 12500-dən çox mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilmişdir ki, bunu da Cənab Prezident bu kateqoriyadan olan insanlara göstərilən qayğı və diqqətin bir təzahürü kimi qiymətləndirilib. Bu qayğı və diqqətin bundan sonra artırılmasını hər bir vəzifəli şəxsin vəzifəsi kimi qarşıya qoymuşdur”, - deyə sonda deputat qeyd edib.


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top