Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa... — Çingiz Qənizadə

SİYASƏT 18 iyl 2022, 13:32
Prezident İlham Əliyev bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə çıxışında bildirib ki, bu müddət ərzində hərbi sahədə də islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq: “Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək...”

Prezidentin ordumuzun gücləndirilməsi ilə bağlı verdiyi bu açıqlamalar onu deməyə əsas verirmi Ali Baş Komandan ordunun hər an müharibəyə hazır olması zərurətinə uyğun davranır? 

 Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin keçirdiyi müşavirədə çıxışında bir çox önəmli məsələlər diqqəti cəlb etdi:

“Ölkənin bütün sferasını əhatə edən məsələlərin müzakirəsi, xüsusilə hərbi sahədə islahatlarla, ordumuza yeni müasir silahların alınması ilə bağlı açıqlamalar hər birimiz üçün olduqca maraqlı və diqqətçəkən idi. Cənab Prezident qeyd etdi ki, orduda struktur islahatları istiqamətində addımlar atılıb, yeni silahlı birləşmələr yaradılıb. Həqiqətən də biz son 6 ayda çox vacib məntəqələrdə komando briqadalarının açılış mərasimlərinin şahidi olmuşuq. Bu gün regionda Azərbaycan ordusu qədər yenilənən, bütün istiqamətlərdə sürətlə inkişaf edən ordu yoxdur. Orduda, Müdafiə Nazirliyi sistemində struktur islahatları keçirilib, o cümlədən neqativ fəaliyyətlərə yol vermiş yüksək rütbəli bir sıra şəxslərlə bağlı qanun çərçivəsində ciddi tədbirlər görülüb. Orduya büdcədən ayrılan vəsaitlərin həcmi artırılıb. Bir sözlə, biz görürük ki, ordumuzun güclənməsi Ali Baş Komandanın diqqətində olan bir nömrəli məsələlərdəndir. Cənab Prezident ordumuzu hər an ən müasir müharibəyə hazır ordu kimi formalaşdırır. Biz torpaqlarımızın böyük hissəsini azad etsək də, ərazimizin müəyyən hissəsində silahlı ermənilər qalır, yenə də Ermənistan Azərbaycana ərazi iddialarındadır. Həm bu məsələlər, həm də dünyada cərəyan edən gərgin proseslər ordumuzu davamlı olaraq gücləndirməyi tələb edir. Azərbaycan dövləti bu tələbləri nəzərə alaraq davranır. Təbii ki, Azərbaycan sülh tərəfdarıdır və bunu ən yüksək səviyyədə bəyan edib. Amma erməni separatçılar Azərbaycana qarşı addımlarından çəkinməyəcəksə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa biz hər an müharibəyə hazır olmalıyıq. Cənab Prezidentin çıxışında da bu məsələlərə işarə olundu”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top