Daşınmaz əmlakın icbari sığortası nə zaman tətbiq edilir?

GÜNDƏM 07 iyl 2022, 16:12
Son günlər bölgələrdə daşqınların artması nəticəsində əhalinin şəxsi mülkləri də, zərər görüb. Ziyanı isə ödəmək vətəndaşın üzərinə düşür. Belə məqamlarda daşınmaz əmlakın sığortalanması məsələsi gündəmə gəlir. Əslində daşınmaz əmlakın icbari sığortası qanunvericiliklə hər kəs üçün məcburidir. Lakin sığortanın bu növünə maraq elə də çox deyil. Bəs onun verə biləcəyi faydalardan məlumatlıyıqmı? Daşınmaz əmlakın icbari sığortası mülkün yanğın və təbii fəlakət nəticəsində zədələnməsi, məhv olması zamanı zərərinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 

Sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirdi ki, insanlar adi günlərdə daşınmaz əmlakın icbari sığortasını yadlarına salmasalar da, təbii fəlakətlər və yaxud böyük yanğınlar olanda ilk yadlarına düşən daşınmaz əmlakın icbarı sığortası olur:

“İllik sığorta haqqı 30 manat ödəməklə rayon yerlərində 15 min manat məbləğində öz daşınmaz əmlaklarını icbari sığorta edə bilərlər. Kənd və rayon yerlərində də 15 min manat kənd evləri üçün kifayət qədər normal məbləğdir və dəyən ziyanların qarşılanmasında kifayət qədər rol oynayır.”



Daşınmaz əmlakını icbari qaydada sığorta etdirən vətəndaşlar Bakı şəhərində illik 50 manat ödəməklə 25 min manat, Sumqayıt, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 40 manat ödəməklə 20 min manat məbləğində sığorta təminatı əldə edirlər. Bəs zərərin qarşılanması prosesi necə həyata keçirilir?

“Zərərlərin qarşılanması üçün sığorta şirkətinə dəymiş zərərin smetası təqdim edilir və lisenziyalı inşaat şirkətinin tərtib etdiyi smetada göstərilən məbləğin adekvatlığı sığorta şirkətlərinin ekspertləri tərəfindən araşdırılır. Əgər xüsusi araşdırmaya ehtiyac varsa, mərkəzi bankın reyestrində olan lisenziyalı ekspertlərin qiymətləndirmə xidmətlərindən istifadə edilir. Zərər məbləği müəyyənləşdiriləndən sonra təmiri sığorta şirkəti və ya sığorta şirkətini təmsil edən inşaat şirkəti həyata keçirir. Və yaxud məbləğ həmin sığortalı şəxsin hesabına köçürülür və həmin şəxs ödənişini almaqla öz əmlakını bərpa edə bilər.”

Hər kəsə daşınmaz əmlakın sığortalanması tövsiyə olunur, lakin qanunda göstərilir ki, qəza vəziyyətində olan, tikintisi başa çatmayan, özbaşına tikilmiş və ya sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi əmlaklar sığortalana bilməz. 

Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top