Ekspert: “Hündürmərtəbəli binalarda liftə artıq yüklər yığmaqla onu zədələyirlər”

GÜNDƏM 05 iyl 2022, 12:37
“Dünya təcrübəsinə əsaslansaq, əksər ölkələrdə tikinti şirkətləri mənzilləri təmir edərək vətəndaşlara satır. Yəni, mənzil vətəndaşa o halda satılır ki, o, yaşama səviyyəsində olsun. Bizdə isə mənzillər təmirsiz satılır, bina tikilib qurtarır və vətəndaşlar təmirə başlayırlar. Bu zaman biz şahid oluruq ki, ustalar, fəhlələr daha çox liftdən istifadə edirlər və bina yaşayışa təmir verilməmiş artıq liftlər zədələnir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert qeyd edib ki, liftin daşıyıcı bir gücü var:

“Tutaq ki, bir yük lifti 500 kiloqram, yaxud 1 ton daşıyırsa, ancaq bizdə ona 2-3 dəfə artıq yük yığırlar. Bu da artıq binanın istismar müddətini sürətlə tezləşdirir və nəticədə həmin liftin bir çox xüsusiyyətlərini zədələyir. Vətəndaşlar mənzillərə köçəndə artıq liftdə problemlər yaranmağa başlayır, çünki o lift artıq sərnişin, yaxud yükdaşıma üçün nəzərdə tutulsa da, daha artıq yüklər yığılmaqla zədələnmiş və deformasiyaya uğramış vəziyyətdə olur. Bu hallar səbəbindən Bakıda dəfələrlə liftin qırılması hadisəsi yaşanıb”.



Ekspertin sözlərinə görə, köhnə binalardakı liftlər daha bərbad vəziyyətdədir:

“Köhnə hündürmərtəbəli binalarda da vəziyyət eynidir. Bəzilərində lift işləmir, bəzilərində isə hər mərtəbəyə qalxmır, yəni liftlər bərbad gündədir. Əksər binalarda sovet vaxtında qalan liftlərdir ki, onlar əslində dəyişilməlidir. Onu da qeyd edim ki, lift birdən-birə qırılmır, çünki onda troslar olur ki, bunlar da 3-4 qatdır. Trosun birinin, yaxud ikinsinin qırılması uzunmüddət sonra baş verir. Ümumiyyətlə, lift sərnişin daşıyan bir vasitədir. Hesab edirəm ki, bu, qısa məsafəyə sərnişin daşıyan bir texnologiya olduğu üçün buna nəzarət də güclü olmalıdır. Başqa bir tərəfdən də vətəndaşlar özləri də nəzarət etməyi bacarmalıdır. Ən azından liftdə hər hansısa bir problem baş verəndə, öz hüquqlarını tələb etməlidirlər, çünki onlar hər ay kommunal haqqı ödəyirlər və kommunal haqqın içində liftə xidmət də gedir, köhnə binalarda da həmçinin, ancaq köhnələrdə kommunal pulu çox azdır. İllik tutaq ki, 18-20 manatdır. Düzdür, onlar dövlətin balansındadır, kommunal az ödəyirlər, amma az ödəsələr də, belə bu, Azərbaycan Respublikasının ərazisində yerləşən bir binadır. Bu liftlərin baxılması ilə bağlı qurum var və dövlət o quruma pul ayırır ki, bu liftlərə baxsın. Yaxşı olar ki, bununla bağlı mütəmmadi olaraq rəsmi qurumlar monitorinqlər aparsın”.

Qeyd edək ki, ötən gün paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top