“Ədəbiyyatımızda sistemsizlik var, yazıçı öz oxucusunu tanımır”

ƏDƏBİYYAT 03 iyl 2022, 13:50
“Vaxt elə qəfil gəldi ki, dostlar təbrik edəndə, dırnaqarası boyunu görəndə başa düşürsən ki, sən də varsan. Mən sadəcə olaraq Allahın lütfüylə mənə verilən ömrü yalnız hörmətli saxlamaq istədim. İstədim o ömür hörmətli olsun, azca ona çalışdım. Amma o necə alınıb, bunu bilmirəm. Bunu ölçən tərəzi xalqın gözüdür, tələbələrimdir, dostlarımdır. Hər halda, belə yaşadım və təqvimdə göründü ki, altmış yaşım var. Amma ruhun təqvimi ayrıdır”.
 
Bunu Moderator.az-a açıqlamasında filologiya elmləri doktoru, ədəbiyyatşunas Rüstəm Kamal deyib. R.Kamal altmış illik yubileyində öz təəssüratlarını bizimlə bölüşüb:
 
“Ruhun təqvimi isə gəncdir, onun saatı yuxarıdadır. Əlbəttə, yaşı fiziki anlamda, sağlamlıq baxımından, itkilər olanda bunları görəndə bilirsən ki, ömür hansı tərəfə gedir. Əgər dildə yaş sözü varsa, demək onun mənası var. Yaş sözü türk dilində indiki mənada deyil, yaş sözü ömrün gəncliyilə bağlı anlayışdır. İndi isə söz dəyişib bütün dövrlərə aid olub. Təqvim, tarix, rəqəm amansız şeydir. Rəqəm özü simvol kimi sənin şüuraltını məşğul edir. Simvola döndərməsən, sən onun fərqinə varmazsan.  Altmış, yetmiş simvola dönür və insanlar onu qeyd edir. Əgər sən onu simvollaşdırmaqdan imtina etsən, təbii ki, fərqinə varmazsan. İndi elə bir məqam yaranıb ki, biz əllidən sonrakı dövrü simvollaşdırırıq. 
 
Səməd Vurğun əlli yaşında öldüyü üçün ondan sonra bütün şairlər əlli yaşı simvollaşdırdılar. Əlli yaş hamı üçün bir keçid dövrü idi. Mikayıl Müşfiqin yaşı deyilmir, onun ömrü gəncliyin metaforası olduğuna görə adı belə çəkilir”. 
 
R.Kamal ədəbiyyatımızın problemindən də danışıb:
 
“Azərbaycan ədəbiyyatında bir az sistemsizlik var. Ədəbiyyatın problemi oxucusunu tapmaqdır. Yazıçının da öz oxucusunu tapması və tanıması vacibdir. İndi yazıçı öz oxucusunu tanımır və bilmir neçə oxucusu var, onun oxucusu kimdir. Məsələn, Füzuli, Nizami bilirdi ki, onun oxucusu kimdir və o oxucuya uyğun da ədəbi davranışını ortaya qoyurdu. İndi şair, yazıçı oxucusunu tanımır, görə bilmir, o obraz yoxdur. Bu dəqiqə Azərbaycan ədəbiyyatının bir nömrəli problemi öz oxucusunu tapmasıdır. Bu olsa, bizim gözəl, istedadlı şairlərimiz var, onlar yazıb, yaradırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top