Anasının vəfatına dözməyən kişi qardaşına xəsarət yetirdi — Qobustanda şok olay

KRİMİNAL 30 iyn 2022, 09:27
Qobustan rayonunda 1980-ci il təvəllüdlü Qədir şəxsi münasibətlər zəminində qardaşı Feyruza xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 4-də, saat 22 radələrində baş verib. 

Qədir Qobustan şəhərində yerləşən yaşadığı fərdi yaşayış evinin içərisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qardaşını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası bir müddət əvvəl vəfat edib: “Anam vəfat etdikdən sonra onun vəfatı ilə barışa bilmədiyim üçün əsəbi oluram. Bu səbəbdən də qardaşım Feyruzla aramızda mübahisələr olur”.

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, dekabrın 4-də, saat 22 radələrində Qobustan şəhərində yerləşən qardaşı Feyruzla yaşadıqları evə gəliblər: “Həmin vaxtı əsəbi olduğum üçün qardaşımla aramızda yenidən mübahisə yarandı. Mübahisə zamanı yumruqla Feyruzun sol göz nahiyəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim. Bundan sonra Feyruz evi tərk edərək getdi”.

Zərərçəkmiş Feyruzda ifadəsində qardaşının dediklərini təsdiqləyib. Bildirib ki, qardaşı tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. O, ifadəsinin sonunda qardaşı ilə barışdığını, ondan şikayətçi olmadığını deyib. 

Qobustan rayon Məhkəməsinin hökmü ilə Qədir 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olub. 

Təqsirləndirilən şəxsin üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23.30-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 

Hökmün icrası Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top