Pənah Hüseyndən Siyavuş Novruzovun fikirlərinə REAKSİYA

GÜNDƏM 29 iyn 2022, 17:10
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, "seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq". O, qeyd edib ki, büdcədə artan vəsait yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına daha çox yönəldilməlidir.

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən  Azərbaycan Xalq Partiyasının (AXP) sədri, Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib ki, bu, yeni fikir deyil.  

AXP sədri vurğulayıb ki, Azərbaycan dövləti müstəqil dövlət olduğu ilk illərdən etibarən bu prinsip iqtisadi siyasətin əsas prinsiplərdən biri kimi irəli sürülüb:

“Hesab edirəm ki, ölkəmizdə kompleksli və sistemli inkişaf getməlidir. Ən müasir rəqəmsal texnologiyalardan tutmuş müasir qlobal maliyyə bazarlarında yer almaq və bundan dövlətimizin, vətəndaşlarımızın mənfəətləri üçün yararlanmaq lazımdır. Eyni zamanda, ənənəvi real iqtisadiyyatda Azərbaycanın imkanlarına, potensialına, müvafiq şəkildə hərtərəfli inkişafına nail olmaq lazımdır. Fikrimcə, kompleks və sistemli iqtisadi inkişaf əsas prinsip kimi düşünülməlidir”. 

“Bizim hazırda Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızın bərpası, orada insanlarımızın məskunlaşması və bunun iqtisadi bazasının əsaslarının yaradılması dövlətimizin tərəqqisi üçün olduqca mühüm əhəmiyyətə malikdir. İstər iqtisadi, istər təhlükəsizlik baxımından, istərsə də vətəndaşlarımızın rifahı baxımından bu çox önəmlidir. Şübhəsiz ki, yaxın prioritet sahə kimi azad olunmuş ərazilərimizin bərpası, onun iqtisadi inkişafı, insanlarımızın orada normal həyat şəraitini, o cümlədən iqtisadi fəaliyyətinin bərpa edilməsi durur,” deyə sabiq baş nazir fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top