“Ermənistan “legitim savaş” təhlükəsini həmişə öz üzərində hiss edəcək” — ŞƏRH

GÜNDƏM 29 iyn 2022, 10:10
“Azərbaycan Prezidenti İlham Əliyevin son "dəmir yumruq" xəbərdarlığı Ermənistanda böyük narahatlıq doğurub. Rəsmi İrəvan anlayır ki, güclü orduya və geniş maliyyə-iqtisadi resurslara sahib olan Azərbaycan hər an Ermənistanı sülh sazişinə məcbur edəcək qətiyyətli addımlar ata bilər”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki, belə addımların qarşısındasa, Ermənistan müqavimət şansına sahib deyil:

“Ona görə də, rəsmi İrəvan hazırda qorxu qarışıq narahatlıq içərisindədir. Paşinyan hakimiyyəti anlayır ki, sülh danışıqları prosesini uzadan tərəfin məhz Ermənistan olduğundan beynəlxalq siyasi dairələr də tam dəqiqliyi ilə xəbərdardır. Və belə situasiya rəsmi Bakıya daha radikal addımlar atmaq imkanları açır. Maraqlıdır ki, baş nazir Nikol Paşinyan son açıqlamasında bu önəmli məqamın üzərində xüsusi olaraq, dayanmaq məcburiyyətində qalıb. O, iddia edib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır və onu indidən legitimləşdirməyə cəhd göstərir.

Əslində, erməni baş nazirin dedikləri rəsmi İrəvanın öz pozuculuq fəaliyyətini dolayısı ilə etiraf etməsi kimi də yozula bilər. Çünki, yeni savaşın legitimləşdirilməsi üçün siyasi-hüquqi səbəblər olmalıdır. Baş nazir N.Paşinyan isə Ermənistanın Azərbaycana çoxsaylı belə siyasi-hüquqi səbəblər verdiyini hamıdan daha yaxışı bildiyindən məhz “legitim savaş”dan danışmaq məcburiyyətində qalıb”. 



Onun sözlərinə görə, onun bu açıqlamasının həm də Ermənistan cəmiyyətinə yönəldiyini düşünmək olar:

“Məsələ ondadır ki, erməni baş nazir rəsmi Bakını ittiham etməyə çalışmaqla yanaşı, əslində, həm də Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginliyi artırmağa cəhd göstərən revanşist müxalifətə də dolayısı ilə xəbərdarlıq edir. Eyham vurur ki, revanşist erməni müxalifəti daxili təzyiqlərlə rəsmi İrəvanı Azərbaycanla qarşıdurmaya məcbur etməklə, yeni savaşa real səbəblər yaradır. Və bu baxımdan, “legitim savaş” təhlükəsinin reallaşma ehtimalını nəzərə alaraq, bunun əsas məsuliyyətini indidən revanşist düşərgənin üzərinə yükləməyə çalşır”.   
    
“Baş nazir N.Paşinyan hesab edir ki, Azərbaycan və Türkiyə ilə sülh gündəliyinin Ermənistan üçün başqa alternativi yoxdur. Onun fikrincə, buna axtarılan istənilən alternativ mütləq yeni savaşa səbəb ola bilər. Erməni baş nazir əmindir ki, Ermənistan üçün davamlı olaraq, sülh gündəliyi üzrə irəliləmək çox vacibdir. Eyni zamanda, baş nazir Nikol Paşinyan rəsmi Bakının regionda nəqliyyat-kommunikasiya xətlərini almağa tələsməməsindən də şikayətlənir. Onun fikrincə, Azərbaycanda Ermənistanın blokadada saxlanılması taktikasını effektiv hesab edirlər. 

Halbuki, Ermənistanın blokadada saxlanılması hazırda mövcud geopolitik situasiyanın tələblərindən qaynaqlanır. Çünki, rəsmi İrəvan Ermənistanın blokadadan çıxarılmasına can atsa da, buna münbit şərait yaradan öhdəliklərə və şərtlərə əməl etmək istəmir. Rəsmi Bakı isə Ermənistanı regional problemlərin hamısı həll edilmədən blokadadan çıxaracaq qədər sadəlövh deyil. Bunun üçün ilk növbədə rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı və yekun sülh sazişini imzalamalı olacaq. Ona qədər isə Ermənistan “legitim savaş” təhlükəsini həmişə öz üzərində hiss edəcək və bundan daim qorxmaq məcburiyyətində qalacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top