Polkovnik Firdovsi Umudovdan Ordumuzla bağlı AÇIQLAMA

HƏRBİ 26 iyn 2022, 12:53

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi ümummilli lider, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biri olan bugünkü güclü Azərbaycan Ordusu müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantıdır. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Vətən müharibəsi iştirakçısı, polkovnik Firdovsi Umudov bildirib.

O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il Vətən müharibəsində qazandığı parlaq Qələbə ilə ölkəmizin tarixinin ən şanlı səhifəsini yazdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyasını yerinə yetirdi. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, döyüş mövqelərini məhv etdi, Ermənistan ordusuna sarsıdıcı zərbə vuraraq darmadağın etdi. Vətən müharibəsində Silahlı Qüvvələrimizin müxtəlif qoşun növləri döyüş tapşırıqlarını yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirdi. Keçirilən əməliyyatlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərdi: “Xalqımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər salnaməsini yazaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. İndiyədək Azərbaycan tarixində bundan böyük Qələbəmiz olmayıb. Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarı olduğu kimi, onun siyasi varisi Prezident İlham Əliyev də düşmən üzərində Azərbaycanın çoxəsrlik tarixində bənzəri olmayan Zəfər qazanaraq adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirib. Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın tarixində qələbələrin, zəfərlərin ən uca zirvəsində dayanır”.

Polkovnik Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılmasının müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdığını bildirib. Onun sözlərinə görə, Vətən müharibəsində güclü hərbi-texniki potensial, yüksək peşəkarlıq, mənəvi-psixoloji hazırlıq ordumuzun düşmən üzərində üstünlüyünü təmin etdi. Hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsaitin ayrılması, ölkənin müdafiə sənayesinin yaradılması, ordunun ən müasir silahlarla təchiz edilməsi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi nəticə etibarı ilə Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çıxardı.

Vətən müharibəsində milli həmrəylik və birliyimiz, 50 milyon azərbaycanlının üçrəngli ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi ki, bu da Qələbəni şərtləndirən əsas amillərdən biri idi. Dövlət başçımız Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında “Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm... Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb.... Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır”, - deyə xalqımızın birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyasını yerinə yetirdiyini bildirib.

Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmayıb. Bu gün müharibənin başa çatmasına baxmayaraq, ordumuzun döyüş hazırlığı durmadan artırılır, Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası planlı, mərhələli şəkildə və yüksək səviyyədə həyata keçirilir. Müzəffər Ali Baş Komandanımız çıxışında deyib: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.

Firdovsi Umudov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması sayəsində bu gün Azərbaycan Ordusunun döyüş potensialı getdikcə gücləndirilir, bununla yanaşı, ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa quruculuq işləri görülür, bütövlükdə bütün sahələrin inkişafı istiqamətində irimiqyaslı layihələr həyata keçirilir: “Bu gün Silahlı Qüvvələr Gününü müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd etməyimizdən qürur duyuruq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top