“İran Azərbaycanın Türk dövlətləri ilə əlaqələrini korlamaq üçün Ermənistanın yanındadır” — ŞƏRH

GÜNDƏM 24 iyn 2022, 16:40
“Uzun illər davam edən Qarabağ münaqişəsinin həll edilməsi bu münaqişənin yaranmasında maraqlı olan dövlətləri narahat edib. Bunlardan biri də İrandır. Ümumiyyətlə hamımız bilirik ki, İran dövlətinin strateji mövqelərindən biri anti-Azərbaycan, anti-türk mövqeyidir. Qarabağın azad edilməsi, İranla həmsərhəd olan rayonların azad edilməsi, Zəngəzur dəhlizinin müzakirəsi İranda bərk narahatlıq yaradıb. Onlar düşünür ki, Azərbaycanın, Türkiyənin digər dünya dövlətləri ilə, Türk dünyası ilə əlaqələri daha da genişlənəcək. Ancaq təbii ki, o İsraillə Azərbaycan əlaqələrinə də şiddətlə qarşı çıxır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İrfan deyib. Analitikin sözlərinə görə, bu qısqanclıq müsəlmana yaraşan hiss olmasa da onlar İslamı arxa plana ataraq daha çox farsçılıq ideologiyası üzərindən siyasət yürüdürlər:

“İran ancaq dünyada, müsəlmanlar arasında məzhəbçi ideologiya yürüdür, hətta məzhəbin daxilində də əlavə bir sistem yaradıb, bu sistemə qarşı çıxan, qəbul etməyən bütün müsəlmanları kafir, zalım hesab edir. 44 günlük savaş zamanı, ondan sonra İranın bizim haqq işimizə nə qədər maneələr yaratdığını hamı gördü. Ancaq biz qonşuluq, sülh, qarşılıqlı əlaqələr naminə bəzən bu məsələləri çox qabartmadıq. Hətta unutmayaq olmaz ki, cənab Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfranslarında iranlı jurnalistlər necə ittiham edici, əsassız, qərəzli suallar verirdilər. Təbii ki, cənab Prezident onların cavablarını verirdi, hətta onların dili ilə danışanlara da öz mesajını göndərirdi”. 



“Gah iddia etdilər ki, guya Qarabağ savaşında hardansa terrorçular gəlib biz tərəfdən vuruşur, gah da İsrailin Zəngilanda baza yaratdığı kimi absurd açıqlamalar verirdilər. Ancaq bunlardan bir şey çıxmadığını görüb Azərbaycanın beynəlxalq nüfuzunu, ötkəm və qərarlı olmasını görüb başqa yollara əl atdılar. Yəni, daxildəki əlaltıları vasitəsi ilə qarışıqlıq yaratmaq, şəriət dövləti qurmaq fikirlərini yaymağa başladılar. Azərbaycanda dindarlara heç bir təziq yoxdur. İranın buradakı təxribatçılarının da dinlə əlaqəsi yoxdur. Onlar dini qalxan, əldə alət edərək sadəcə inanclı kəsimdən istifadə etmək istəyirlər. Çox radikal fikirlər səsləndirirlər, əhalini konstitusion quruluşa itaətsizliyə çağırırlar, açıq- aşkar həm xaricdən, həm də daxildən dövlət əleyhinə fəaliyyət göstərirlər. Ona görə də, öncə bu işdə hüquq mühafizə orqanları operativ işləməlidir. İkinci tərəfdən də dindarlar, ilahiyyatçılar, din xadimləri susqunluq göstərməməlidirlər”. 

Analitik əlavə edib ki, cəmiyyətə nüfuz etmiş təxribatçılar islah edilməlidir:

“İran özü milli fəalları asır, işgəncə verir, sürgün edir. Abbas Lisani kimi milli fəallar İran zindanlarında zülüm çəkir. "Qarabağ Azərbaycandır" şüarını dilə gətirən yüzlərlə soydaşımız həbs edilib, işgəncəyə məruz qalıb. Azərbaycan xalqının İranda heç bir milli hüququ yoxdur. Öz dillərində artıq danışmağa da imkan vermirlər. Dini ayrı-seçkilik, məzhəbçilik baş alıb gedir. Ancaq Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunədir. Digər tərəfdən: əgər onlar ədalətdən danışırsa, İranın qardaşı Ermənistan Qarabağda məscidləri təhqir edəndə, dağıdanda niyə susurdular? İndi Azərbaycan xalqının milli mənəvi dəyərlərinə, ənənəvi dini etiqadına yad olan siyasiləşmiş, öz əlaltıları olan şəxsləri qabağa verib Azərbaycanda təxribata cəhd edilər. Hizbullahın ilk liderlərindən olmuş Şeyx Tüfeylin bir bəyanatı çox önəmlidir. O qeyd edir ki, mən Birinci Qarabağ savaşı zamanı İranda idim və onların müsəlman Azərbaycana yox, Ermənistana dəstək olduqlarını gördüm, çox təəccübləndim. Səbəbini soruşdum, o zamanki xarici işlər naziri bildirdi ki, biz Azərbaycanın digər Türk dövlətləri ilə əlaqələrini korlamaq üçün, buna imkan verməmək üçün Ermənistanın yanındayıq. Yəni, buradan da görünür ki, İran hər zaman Azərbaycanın düşmənləri ilə dost, dostları ilə də düşmən olaraq qalacaq. 

Çünki onların strateji siyasəti dəyişməyincə bu davam edəcək. Bu günlərdə İranın Şiraz şəhərində qadınlar hicablarını açaraq məcburi hicab qanununa etiraz ediblər. Digər bölgələrdə də milli fəalların etirazları başlamaqdadır. Yəni, Azərbaycanda təxribat yaratmaq cəhdləri onların özünə ziyan edəcək. Çünki onların ölkəmizdə cəhd etdikləri süni mahiyyətli cəhdlərdir. Fəqət İrandakı etirazlar köklü, əsaslı etirazlardır. Odur ki, qonşuluq, müsəlmanlıq nəzərindən yanaşaraq İran Azərbaycana qarşı düşündüyü şəriət dövləti kimi iddialarından vaz keçməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top