“Bu səfər Türk dövlətləri birliyi təşkilatının inkişafına gətirib çıxaracaq” — ŞƏRH

GÜNDƏM 21 iyn 2022, 18:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfərə gedib. Prezidenti Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər xüsusilə dünyada baş verən son hadisələr - Rusiya-Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su, və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkib.

Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Özbəkistan və Azərbaycanı bir-birinə yaxınlaşdıran ilk amil şübhəsiz ki, iqtisadi faktorlardır:

“2021-ci ilin statistikasına görə, hazırda Özbəkistanın Azərbaycana ixrac etdiyi malların ümumi dəyəri 17 milyon manatdan çoxdur. Azərbaycan isə Özbəkistana cəmi 3 milyon manatdan çox mal ixrac edib. İmzalanacaq 19 sənəd arasında iki dövlət arasında idxal-ixrac balansının tənzimlənməsi və aradakı fərqin azaldılmasına dair sənədlər ola bilər”. 



Politoloq qeyd edib ki, Daşkəndin zəngin neft və qaz ehtiyatlarına malik olması Bakı ilə Daşkəndi yaxınlaşdırır:

“Belə ki, rəsmi Bakı hazırda Avropaya neft və qaz nəqlinin artırılmasında maraqlıdır. Mövcud TANAP və TAP layihələri ilə Avropaya qaz nəql edən Bakı mövcud qazın nəqlini artırmağa çalışır. Bu istiqamətdə isə Özbəkistan və Türkmənistan kimi ölkələrlə əməkdaşlıq xüsusi önəm kəsb edir. Hesab edirəm səfər zamanı ölkə başçısı ilə Özbəkistan prezidenti arasında Avropaya təbii qazın nəqli və bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq müzakirə edilə bilər. Ankara və Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi fonunda türk ölkələri ilə münasibətlərin təkcə ümumi deyil, həm də fərdi inkişafında maraqlıdır. Özbəkistan, Bakı, Ankara strateji əməkdaşlığının 3-cü halqasıdır. Hesab edirəm ölkə başçılarının görüşü zamanı bu məsələdə müzakirə ediləcək və Özbəkistanın təşkilata inteqrasiyası məsələsinə, eyni zamanda strateji əməkdaşlığa dair sənədlər imzalana bilər. Nəticə etibarilə Prezident İlham Əliyevin Özbəkistana səfəri iki tərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafına gətirib çıxaracaq”.

Aynurə Pənahqızı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top