Hikmət Babaoğlu: “Azərbaycan təcrübəsində dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir”

SOSİAL 19 iyn 2022, 15:44
“Azərbaycanda din dövlətdən ayrı olsa da, Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxmaqla, onun inkişafı və qorunması üçün mümkün hər şeyi edir. Azərbaycan Prezidenti öz çıxışlarında dini mədəniyyətimizi milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir. İstər paytaxt Bakı şəhərində, istərsə də regionlarımızda ardıcıl olaraq dini ibadət yerləri, məscidlər inşa olunur, milli mirasımız olan dini abidələrimiz davamlı olaraq təmir və bərpa edilir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da çox mühüm fəaliyyət həyata keçirir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hkmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycanın hər yerində, son dövrlərdə isə işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizin bərpası sahəsində görülən işlər ayrıca əhəmiyyət kəsb edir:

“Şübhəsiz ki, Azərbaycan təcrübəsində dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir. Dini dözümlülüyümüz həm də Azərbaycan multikultiralizminin əsaslarından birini təşkil edir. Azərbaycan Prezidenti və Birinci vitse-prezident İslam dininin müqəddəs mərkəzi hesab edilən Məkkəni ziyarət etməklə, həm də şəxsi zəmində İslam dininə münasibətdə vacib nümunə göstərib. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev öz çıxışlarının birində Həcc ziyarəti zamanı müqəddəs Kəbədə etdiyi birinci duasının torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar olduğunu bildirdi. Ağdam işğaldan azad edildikdən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam Cümə Məscidinə müqəddəs kitabımızı təqdim etdi. Bu mərasimdə məscidə daxilolma mədəniyyəti və nümunəsi göstərdi. Eyni zamanda, bu gün cəmiyyətimizdə dinin obyektiv əsaslarda dərk edilməsi üçün də Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır. İlahi fəlsəfəni düzgün mənimsəmək üçün universitetlər yaradılır, dini işlər üzrə xüsusi icra orqanı təsis edilir. Bütün bunlar Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dinə olan diqqəti və qayğısının bariz təcəssümüdür”.



Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top